Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 22-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 22-ci gününün xronikasını təqdim edir.

Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna raket atılıb. Raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində Azərbaycanın HHM bölmələri tərəfindən havada zərərsizləşdirilib.

Bundan başqa, oktyabrın 18-i Ermənistanın silahlı qüvvələri Ağdərə, Ağdam, Füzuli, Hadrut, Gədəbəy və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS-ı, 2 ədəd “Smerç”i, 1 ədəd D-20 haubitsa topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib. Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı Azərbaycanın HHM bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi Azərbaycan bölmələri tərəfindən ələ keçirilib. Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb.

Poliqon.az

Back to top button