Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 24-cü günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 24-cü gününün xronikasını təqdim edir.

Müzəffər Azərbaycan Ordusu Zəngilan şəhərini; eləcə də Zəngilan rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərini; Füzuli rayonun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini; Cəbrayıl rayonun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndlərini; Xocavənd rayonun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndlərini düşməndən azad edib.

Oktyabrın 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS-ı, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Eyni zamanda Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib. 246-ci alayın müdafiə sahəsində alay komandiri, alay komandirinin müavini və 3-cü taborun komandiri xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib. Qubadlı istiqamətində gedən döyüşlərdə də Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib.

Oktyabrın 20-si axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Ermənistan silahlı qüvvələri öz növbəsində Tərtər, Ağdam və digər yaxın rayonların dinc sakinlərini atəşə tutub.

Sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb. Bundan başqa, 1941 yaşayış evi, 90 çoxmərtəbili yaşayış binası və 382 mülki obyekt yarasız vəziyyətə düşüb.

Poliqon.az

Back to top button