Vətən müharibəsinin xronikası: döyüşlərin 26-cı günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 26-cı gününün xronikasını təqdim edir.
Oktyabrın 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2017-2018-ci ildə Serbiyadan aldığı bir neçə ədəd 20 mm çaplı “Zastava M55” zenit topu sıradan çıxarılıb. Sentyabrın 27-dən oktyabr ayının 22-dək davam edən Vətən Müharibəsi çərçivəsində Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinin MT-LB zirehli nəqliyyat vasitəsinə quraşdırılmış 10 ədəd “Zastava M55” zenit topu məhv edilib.
Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan olub. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən, ölən və yaralanan olmaqla, çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub. 543-cü alayın da şəxsi heyəti arasında xeyli itki olub. Alay komandiri yaralanıb, onun müavini; tabor komandiri, onun müavinləri; minaatan batareyası və bölüyünün komandirləri məhv edilib.
Oktyabrın 22-si səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edərək, cəbhə zonasından 150 kilometrdən artıq uzaqlıqda yerləşən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb. Belə ki, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələri, həmçinin, Füzuli rayonu ərazisindəki mövqeləri reaktiv artilleriya sistemlərindən atəşə tutub.
Oktyabrın 22-si səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı Azərbaycan bölmələri tərəfindən məhv edilib.




