Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 27-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 27-ci gününün xronikasını təqdim edir.

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq; Xocavənd rayonunun Dolanar, Bünyadlı; Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli; Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib.

Oktyabrın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna ciddi zərər vurulub. Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib. Ermənistan silahlı qüvvələrinə məxsus daha 4 ədəd pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Ermənistan silahlı qüvvələri gün ərzində mülki əhalini hədəf alaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarını intensiv atəşə tutub.

Poliqon.az

Back to top button