Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 33-cü günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 33-cü gününün xronikasını təqdim edir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 döyüş təyyarəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib.

Həmçinin, düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib. Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-na keçən gecə  Goranboy, Bərdə və Tərtər rayonlarının ərazilərini raket və artilleriya atəşinə tutub. Xeyli sayda infrastruktura ziyan dəyib.

Poliqon.az

Back to top button