Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 39-cu günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 39-cu gününün xronikasını təqdim edir.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Twitter” hesabında işğaldan azad edilmiş yeni ərazilərin adlarını açıqlayıb: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar; Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli; Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib”.

Noyabrın 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını, 1 ədəd UAZ markalı hərbi avtomobili şəxsi heyəti ilə birlikdə məhv edilib. Həmçinin, cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Bundan əlavə, cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Noyabrın 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini, həmçinin, Tərtər rayonunun Şıxarx qəsəbəsi və rayonun Hüsənli və Qazyan kəndlərini; eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini; Ağdam rayonunun bir neçə kəndini müxtəlif saatlarda minaatanlardan, atıcı silahlardan və müxtəlif artilleriya qurğularından atəşə tutub.

Poliqon.az

Back to top button