Vətən müharibəsinin xronikası: döyüşlərin 9-cu günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 9-cu gününün xronikasını təqdim edir.
Azərbaycan ordusunun Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərinin və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyin azad edilməsi xəbərini Prezident İlham Əliyev şəxsi “Twitter” hesabında açıqlayıb.
Azərbaycan Ordusunun zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri, həmçinin düşmənin 63-cü tank taborunun daha 3 ədəd tankı məhv edilib.
Həmin gün Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb. Beyləqan, Ağcabədi, Goranboy rayonları, həmçinin Gəncə şəhəri raket zərbələri ilə atəşə tutulub. Atılmış raketlərin nəticəsində Goranboy rayonunda 5 nəfər mülki şəxs, Gəncə şəhərində 3 nəfər mülki şəxs, Ağcabədi rayonunda isə 2 nəfər mülki şəxslər ağır yaralanıb.
Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonu və rayonun kəndləri, Tərtər rayonu və rayonun kəndləri, Ağdam, Beyləqan, Bərdə, Zərdab, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb.
Atəş nəticəsində Bərdədə 1 nəfər mülki şəxs həlak olub və 3 nəfər mülki şəxs yaralanıb. Həmçinin Ağdam rayonunun müxtəlif istiqamətlərinin intensiv atəşə tutulması nəticəsində 1 nəfər mülki şəxs həlak olub və 1 nəfər mülki şəxs isə yaralanıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib.
Xalq və ordu Ali Baş Komandan ətrafında sıx birləşmişdi. Ali Baş Komandanın dili ilə desək, Azərbaycan xalqı dəmir yumruğa dönmüşdü. Bu yumruq düşmənin başın əzməkdə davam edirdi.




