Veteranlarla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır – BU YENİLİKLƏR OLACAQ

Veteranlarla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır – BU YENİLİKLƏR OLACAQ

Cəlil XƏLİLOV: Atəşkəs dövründə döyüşlərdə iştirak etmiş şəxslərə veteran statusu verilməsini təklif edirik

Azərbaycanda veteranlarla bağlı qanunvericiliyə əlavə də dəyişikliklər hazırlanır.

Bu barədə “Azeri Defence”ə eksklüziv açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib.

Cəlil Xəlilovun sözlərinə görə, hazırda müvafiq qurumlarla müzakirə edilən layihədə müharibə və əmək veteranlarının statusları, onlar üçün güzəşt və imtiyazların tanınması və digər məsələlər yer alır.

Layihədəki bir sıra yenilikləri açıqlayan Cəlil Xəlilov deyib ki, bunların arasında atəşkəs dövründə cəbhənin müxtəlif istiqamətlərində lokal döyüşlərdə, o cümlədən aprel döyüşlərində, habelə beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı statusunun verilməsi də var.

“Son illər cəbhədə gedən lokal döyüşlərdə, o cümlədən 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş, yaralananlar veteran statusu ala bilmirlər. Hesab edirik ki, bu məsələ də öz həllini tapmalıdır. Döyüşlərdə, antiterror əməliyyatlarında iştirak etmiş hərbçilərə, polislərə müharibə veteranı statusu verilməlidir”, – deyə təşkilat rəsmisi vurğulayıb.

Hazırda bununla bağlı dövlət qurumları ilə yazışmalar aparıldığını deyən C. Xəlilovun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı müvafiq qərarların qəbul edilməsi gözlənilir: “Müharibədə bir saat belə iştirak etmiş şəxsin hər dəqiqəsi ölümlə üz-üzədir. İstər əsgər olsun, istərsə də zabit ehtiyata buraxılanda bunlar nəzərə alınmalıdır. Müharibədə iştirak etmiş bütün insanlar veteran statusuna malik olmalıdır və ona veteranlıq haqqında vəsiqə verilməlidir”.

Sədr müavininin sözlərinə görə, hələ həll olunmamış müəyyən məsələlər var ki, hazırda Respublika Veteranlar Təşkilatı onların üzərində işləyir: “Hal hazırda Milli Məclisdə veteranlarla işləyən komissiya ilə “Veteranlar haqqında” qanuna dəyişikliklər hazırlanıb: “Qanunvericilikdə veteranlara şamil olunan güzəşt və imtiyazlar öz əksini tapmalıdır. Bizi narahat edən məsələlərdən biri əmək veteranlarının məsələsidir. Vətəndaşlar var ki, 40-45 il müəllim və ya zavodda işləyib. Lakin bu insanlar təqaüdə çıxandan sonra heç bir imtiyaza sahib deyillər. Eləcə də Qarabağ veteranları və ehtiyata buraxılan zabitlərlə bağlı təkliflərimizdə onların mənzil, yaşayış məsələrləri əksini tapıb. Bu gün mövcuz qanunvericiliyə əsasən, silahlı qüvvələrdən ehtiyata buraxılan zabitin evlə təmin olunması yerli icra orqanları tərəfindən təmin edilməlidir. Lakin bunun real icra mexanizmi yoxdur. Bu məsələ Respublika Veteranlar Təşkilatını həddindən artıq narahat edir. Bu gün Müdafiə Nazirliyində 20 il və daha çox qüsursuz xidmət eləmiş zabitlərə mənzillər verilir. Amma bu məsələdə də müəyyən problemlər var. Bəzən 25-30 il xidmət edən, lakin xidmət dövründə bir töhmət alan zabitə ev vermək istəmirlər. Bu ordudur. Zabit xidmət müddətində medal, orden də ala bilər, töhmət də ala bilər, müəyyən nöqsanlara da yol verə bilər. Ehtiyata buraxılanda buna görə həmin zabitlərə məhdudiyyət qoyulması bizi narahat edir. Həmin zabitlərin yaxşı xidmətləri də nəzərə alınmalıdır. Xidmətində cinayət tərkibi varsa, o ayrı məsələdir.

Təklifimizin biri də ondan ibarətdir ki, zabit və gizirlər ehtiyata buraxılmazdan 6 ay əvvəl Müdafiə Nazirliyi və digər hərbi qurumlar onların barəsində tərxisdən sonra yaşayacaqları rayonlara məlumat verməli, iş və yaşayış yeri ilə təminatını nəzarətə götürməlidirlər. Eləcə də ehtiyatda olan zabitlərə dövlət qulluğunda işə qəbulda vakant yerlər müəyyən edilməlidir”.

C.Xəlilov Respublika Veteranlar Təşkilatının əsas istiqamətlərindən biri veteranların sosial müdafiəsi, digəri gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsidir. Bu istiqamətdə təşkilat tərəfindən işlər görüldüyünü deyən sədr müavini qeyd edib ki, Təşkilat öz gücünün daxilində bu tədbirləri dövlət orqanları ilə əlaqədə olaraq həyata keçirir.

Cəlil Xəlilovun sözlərinə görə, Respublika Veteranlar Təşkilatı gənclərin çağırışaqədərki hazırlığı fənninin və ali məktəblərdə hərbi hazırlıq tədrisinə veteranların, ehtiyatda olan zabitlərin cəlb edilməsi, orta məktəblərdə bu fənnin tədrisinin səviyyəsinin yüksəldilməsi üçün təkliflər də hazırlandığını deyib.

C.Xəlilov bildirb ki, bu məsələlərdə Respublika Veteranlar Təşkilatı öz imkanlarından maksimum dərəcədə istifadə edir: “Təəssüflər olsun ki, bu gün müraciətlərimizlə bağlı Təhsil Nazirliyindən tam səviyyədə dəstək görmürük. Düzdür, ehtiyata buraxılan zabitlərimizin bir qismi Təhsil Nazirliyi sistemində fəaliyyət göstərirlər. Lakin Təhsil Nazirliyinə daha çox kadr verə bilərik”.

 

CATEGORIES
TAGS