Vüqar Süleymanov: ANAMA-nın maddi-texniki bazası gücləndirilib, minatəmizləmə maşınları və xüsusi texnikaların sayı artırılıb – MÜSAHİBƏ

Vüqar Süleymanov: ANAMA-nın maddi-texniki bazası gücləndirilib, minatəmizləmə maşınları və xüsusi texnikaların sayı artırılıb – MÜSAHİBƏ

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin kimyəvi silah istisna olmaqla minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən məsul qurumdur.

Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə – minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, müasir avadanlıqlara, regional və səyyar bazalara malikdir.

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla müsahibəmizdə, rəhbərlik etdiyi qurumun 25 illik fəaliyyətinə nəzər salmağa çalışdıq.

POLİQON: 25 il əvvəl ANAMA-nın yaradılması Azərbaycanda mina və partlamamış hərbi sursat probleminin həlli istiqamətində mühüm addım oldu. Agentliyin iş tempinin dayanıqlı olması, mina təhlükəsi ilə mübarizə proqramının inkişafı və səmərəli işləməsi üçün yaradılan şərait barədə nələri deyə bilərsiniz?

Vüqar Süleymanov: İlk növbədə müsahibəyə görə sizə təşəkkür edirəm. Qeyd etdiyiniz kimi 25 il bundan öncə, 1998-ci il 18 iyul tarixində Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yaradıldı. Bu, Azərbaycan Hökumətinin və BMT-nin İnkişaf Proqramının birgə layihəsi idi. ANAMA-nın yaradılmasında əsas məqsəd 1-ci Qarabağ savaşından sonra işğaldan azad olunmuş, döyüş getmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsini aradan qaldırmaq idi. Bildiyiniz kimi, müharibədən sonra bərpa-quruculuq işləri həyata keçirilirdi, mina və partlamamış hərbi sursat problemi bu işlərin aparılmasına maneə törədirdi.

1998-ci ildə Sərəncam imzalandıqdan sonra, Agentliyin formalaşdırılması prosesinə başlanıldı və 2000-ci ildə artıq təlim keçmiş, hazırlanmış işçi heyət sırf humanitar minatəmizləmə fəaliyyətinə başladı. Sözsüz ki, bu illər ərzində ANAMA böyüdü, bir sıra proqramlar və layihələr həyata keçirildi. O cümlədən, irimiqyaslı yerli və beynəlxalq layihələr yerinə yetirildi. Məsələn, Saloğlu və Ceyrançöl layihələri bunlara nümunədir. Eyni zamanda ölkə xaricində bir sıra uğurlu layihələr həyata keçirildi.

POLİQON: 2-ci Qarabağ müharibəsindən sonra, işğaldan azad olunmuş ərazilərdə qarşılaşdığınız mina probleminin miqyası ANAMA qarşısında hansı tələbləri qoydu?

Vüqar Süleymanov: 2-ci Qarabağ savaşından sonra, bildiyiniz kimi, Azərbaycan çox ciddi mina problemi ilə üzləşdi. İşğaldan azad olunmuş ərazilərin kütləvi şəkildə minalanması üzə çıxdı. 2021-ci il yanvar ayının 15-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ANAMA-nın statusu dəyişildi. Agentliyə dövlət statusu verildi və işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi əməliyyatlarının əlaqələndirilməsi də quruma tapşırıldı. Sözsüz ki, ANAMA-nın o zamankı potensialı qarşılaşdığımız mina probleminin miqyası ilə uyğunluq təşkil etmirdi. Elə həmin o vaxtdan da ANAMA-nın həm insan resurslarının, həm maddi-texniki bazasının genişləndirilməsi prosesinə başlanıldı. Bu ötən dövr ərzində ANAMA-nın işçi heyətinin sayı 3 dəfədən çox artmışdır. Habelə, maddi-texniki potensialı – minatəmizləmə maşınlarının, xüsusi texnikalarının, nəqliyyat vasitələrinin, minaaxtaran itlərinin və s. sayı artmışdır. Yəni, bütün komponentlər üzrə sözügedən işlər dövlətimizin dəstəyi və cənab Prezidentin tapşırığına uyğun olaraq aparılmışdır. Eyni zamanda fəaliyyət dövrümüzdə beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq proqramları həyata keçirmişik. BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD), BMT Uşaq Fondu (UNİCEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və başqa beynəlxalq qurumlarla əməkdaşlığımız davam edir.

POLİQON: Vüqar müəllim, hazırda ANAMA respublikanın hansı ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını yerinə yetirir?

z1Vüqar Süleymanov: Hal-hazırda, işğaldan azad olunmuş bütün rayonlarda minatəmizləmə fəaliyyəti davamlı olaraq həyata keçirilir. Minatəmizləmə fəaliyyətinə ANAMA-dan başqa bir sıra qurumlar da cəlb olunub. Bunlar Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli – şirkətlərdir. Hansılar ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti icra edir. Minatəmizləmə əməliyyatına cəlb edilən qurum və yerli şirkətlər tərəfindən ümumilikdə, 86 min hektar ərazi təmizlənmiş və təmizləmə əməliyyatları nəticəsində 90 min ədədə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilmişdir.

POLİQON: İşğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətindən danışdınız. Bu yaxınlarda Cəbrayıla təşkil edilən media-tur zamanı orada ANAMA ilə Müdafiə Nazirliyinin birlikdə minatəmizləmə əməliyyatı həyata keçirdiyini gördük. Bu yeni proses Cəbrayılda ilk dəfə idi. Bu bərədə əlavə etmək istədiyiniz fikirləriniz varmı? Hazırda görülən işləri necə dəyərləndirirsiniz?

Vüqar Süleymanov: Ümumiyyətlə, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumların potensialının effektiv, səmərəli və rasional istifadə olunması üçün biz bu ildən sözügedən formatda minatəmizləmə əməliyyatları həyata keçiririk. Müdafiə Nazirliyinin tabeliyində olan MEMATT tipli mexaniki minatəmizləmə maşınlarından istifadə etməklə ANAMA-nın minatəmizləyənləri birgə təmizləmə əməliyyatları həyata keçirirlər. İcra edilən birgə layihə çərçivəsində 3514 ha ərazi təmizlənib.

POLİQON: İşğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan minatəmizləmə əməliyyatları mühüm əhəmiyyət kəsb edir. Hazırda bu istiqamətdə hansı işlər görülür?

Vüqar Süleymanov:  İşğaldan azad olunan ərazilərdə minatəmizləmə fəaliyyəti əvvəldən orada icra olunan infrastruktur layihələrinin müşayiəti kimi qurulmuşdur. Yəni, çəkilən yollar, dəmir yolları, elektrik xətləri, yerinə yetirilən tikinti işləri, yaradılan su kanalları, kənd təsərrüfatı əraziləri, ekoloji ərazilər və s. kimi orada aparılan işlərdən öncə minatəmizləmə əməliyyatları həyata keçirilir.z2

İşğaldan azad edilən ərazilərin inkişaf planına əsasən, “Böyük Qayıdış” proqramı çərçivəsində, hökumət tərəfindən təsdiq edilən müvafiq tədbirlər planına  uyğun olaraq tənzimlənir. Məhz bu plana uyğun ANAMA-nın bir yol xəritəsi var. Yol xəritəsinə əsasən, hər ilin sonunda növbəti il üçün bir tədbirlər planı hazırlayırıq.

POLİQON: Ərazilərin minalardan təmizlənməsi demişkən, hazırda ANAMA minatəmizləmə işlərinin aparılması üçün qadınları da bu prosesə cəlb edir. Qadınların minatəmizləmə işlərində iştirakı Azərbaycanda bir ilkdir. Bununla bağlı fikirlərinizi bilmək istərdik?

Vüqar Süleymanov: “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində, bu proqram da artıq başlayıb. Azərbaycanda ilk mina təmizləmə qadın komandası formalaşıb və onların təlimləri keçirilir. Qarşıdakı müddət ərzində həmin təlimlər bitdikdən sonra, imtahanlardan uğurlu nəticələr əldə edən qadınlar Azərbaycanda həyata keçirilən minatəmizləmə işlərinə cəlb olunacaqlar. Sözügədən işlər Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir. Həmin proqram çərçivəsində ilk dəfə olaraq Azərbaycanda mina təmizləyən siçovullardan istifadə ediləcək. Onlar da artıq Azərbaycandadır və təlimlərə cəlb ediliblər. Yaxın gələcəkdə həm qadın mina təmizləmə komandasını, həm də bu proqramın qalan hissəsini iş prosesində görəcəyik.

POLİQON: Agentliyin 25 illik fəaliyyəti dövründə nə qədər ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib və ötən dövrü necə dəyərləndirirsiniz?

z3Vüqar Süleymanov: Yaranan gündən 2020-ci ilin noyabr ayına qədər Agentlik tərəfindən 52 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, 809 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir. 2-ci Qarabağ müharibəsi bitdiyi dövrdən cari ilin 10 iyul tarixinədək Agentlik tərəfindən 42 min hektara yaxın ərazi təmizlənmiş və təmizləmə əməliyyatları nəticəsində 51 min ədəddən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilmişdir. Cəmi 25 il ərzində 94 min hektardan çox ərazi təmizlənərək təhvil verilmişdir.

POLİQON: İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə layihələrindən bu günə qədər hansılar tamamlanıb?

Vüqar Süleymanov: Son iki il ərzində bir sıra strateji layihələrin icrası başa çatdırılıb. Bunlardan Füzuli-Ağbənd dəmir yolu, Bərdə-Ağdam dəmir yolu, Füzuli-Ağbənd avtomobil yolu, Bərdə-Ağdam avtomobil yolu, Zəfər yolu, habelə Füzuli-Şuşa yeni tikilən avtomobil yolu, Qubadlı-Eyvazlı avtomobil yolu, Çaylı-Suqovuşan avtomobil yolu, Füzuli və Zəngilan hava limanları, Zabuxçay su anbarı boru xətti, Füzuli-Şuşa elektrik xətti, Xındırıstan-Ağdam elektrik xətti, Zəngilan-Qubadlı elektrik xətti, Şahbulaq layihəsi kimi irimiqyaslı layihələrin mina və partlayıcı vasitələrdən təmizlənməsi başa çatdırılıb.

POLİQON: Vüqar müəllim, mümkünsə bir qədər də mina təhlükəsi ilə mübarizə sahəsində qurumlararası birgə fəaliyyətdən danışaq. Bu proses necə icra edilir?

Vüqar Süleymanov: ölkə ərazisində minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli Fərmanı mövcuddur. Sənədə əsasən tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA-ya həvalə edilib.

z4Eyni zamanda, ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən 11 İşçi Qruplarından 6-sında ANAMA təmsil olunur. Habelə, İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupuna Agentliyin İdarə Heyətinin sədri rəhbərlik edir. Keçirilən iclaslarda iştirak edən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurum nümayəndələri hesabatlar təqdim edir, qarşıda duran məsələlər müzakirə edilir.

Bununla əlaqədar olaraq, mərhələli şəkildə yeni müdavimlər üçün təlimlər keçirilir. Həm nəzəri, həm də praktiki şəkildə keçirilən təlimlər Humanitar Minatəmizləmə və Döyüş Sahəsinin Təmizlənməsi, eləcə də İlkin Tibbi yardım üzrə kurslardan ibarətdir.

POLİQON: ANAMA-nın partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahələrində də təcrübəsi var. Bu barədə oxucularımıza nələri deyə bilərsiniz?

Nizamnaməyə əsasən, fəaliyyət istiqamətlərimizdən biri də partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin həyata keçirilməsidir. Bu, minatəmizləmə fəaliyyətinin çox vacib komponentidir. Çünki insanlar təhlükəni bilməli, onu dərk etməli və həmin təhlükədən qorunmalıdırlar.

Bildiyiniz kimi, minaların partlayışı nəticəsində insanların həm yaralanması, həm də həlak olması faktları var. 2-ci Qarabağ müharibəsi bitdikdən sonra, 304 nəfər mina qurbanı vardır. Təəssüflər olsun ki, onlardan 57 nəfəri həyatını itirib. Təcrübə onu göstərir ki, mina hadisələrinin qarşısının alınması üçün maarifləndirmə işləri mütləq aparılmalıdır və bu istiqamətdə genişmiqyaslı fəaliyyət icra edilir. 2-ci Qarabağ savaşından keçən dövr ərzində Agentliyin maarifləndirmə tədbirləri 410 min nəfərdən artıq insanı əhatə etmişdir. Maarifləndirmə tədbirləri həm Qarabağda bərpa-quruculuq fəaliyyətinə cəlb olunan işçiləri, həm  Böyük Qayıdış proqramı çərçivəsində geri dönən keçmiş məcburi köçkünləri, həm də məktəblərdə tədris alan şagirdləri əhatə edir.z5

Artıq, bildiyiniz kimi, bizim ilk məcburi köçkünlərimiz işğaldan azad olunmuş ərazilərə dönüb. Birinci məskunlaşma ərazisi Zəngilan rayonunda Ağalı kəndi oldu. ANAMA tərəfindən Ağalı kəndinin 2021-ci ildə min hektardan artıq kənd və kənd ətrafı əraziləri insanların köçməsi üçün hazırlandı. Ondan sonra, Tərtər rayonunun Talış kəndinə köç oldu. Daha sonra, vətəndaşlarımız Laçın rayonununa köçürüldü. Bu yaxınlarda həm Laçın rayonun özünə, həm də orada bir sıra kəndlərə yenidən insanlar köçəcək və sözsüz ki, insanları partlayıcı sursatların təhlükəsi haqqında məlumatlandırmaq istiqamətində Agentlik tərəfindən işlər görülür.

Ümumiyyətlə, Elm və Təhsil Nazirliyi, UNICEF və ANAMA arasında üçtərəfli birgə layihəmiz var. Bu layihəyə uyğun olaraq müharibənin təsirinə məruz qalmış və işğaldan azad olunmuş ərazilərə yaxın olan 10 rayonun məktəblərində mina təhlükəsi ilə mübarizə dərsləri keçirilir. ANAMA ilə Elm və Təhsil Nazirliyi birlikdə xüsusi dərslik hazırlayıb. Metodiki Şura bunu təsdiq etdikdən sonra 45 minə yaxın dərslik çap olunub və həmin məktəblərin şagirdlərinə paylanılıb. Maarifləndirmə sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə də əməkdaşlıq edirik. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, şəhər və kəndlərdə müvafiq sahədə işarələrin quraşdırlması olduqca vacibdir.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə tərəfdaşların dəstəyi ilə 900-ə yaxın bilbord yerləşdirilib. Onlar mina təhlükəsi haqqında xəbərdaredici bilbordlardır. Həmçinin, ərazilərə “təhlükəlidir mina” xüsusi nişanları quraşdırılıb. İnsanların maarifləndirilməsində habelə radio və televiziya verlişlərindən istifadə edirik. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə və ona yaxın olan rayonlarda elektrik sərfiyyatı üçün evlərə gələn qəbzlərin arxa hissəsində xüsusi maarifləndirmə mesajları çap olunur. Bu, ANAMA-nın “Azərişıq”la birgə əməkdaşlığının nəticəsidir. Həmin regionlara yaxın olan və işğaldan azad edilmiş ərazilərin daxilindəki “Azpetrol” yanacaqdoldurma stansiyalarının da ödəmə qəbzlərinin üzərində maarifləndirici mesajlar çap olunur. Bu istiqamətdə görülən işləri genişləndirmək üçün müəyyən planlarımız var. Həm sırf ANAMA olaraq, həm də başqa qurumlarla birlikdə bu işlər davam edəcək və genişləndiriləcək.

POLİQON: Azərbaycan Prezidentinin təşəbbüsü ilə mina təhlükəsi ilə mübarizə sahəsində 18-ci Dayanıqlı İnkişaf Məqsədinin təşviq edilməsi, minadan zərərçəkmiş ölkələrin yeni dayanıqlı inkişaf məqsədi ətrafında bir araya gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən fəaliyyət barədə məlumat verə bilərsinizmi?

Vüqar Süleymanov: Bildiyiniz kimi, 2015-ci ildə BMT Baş Assambleyası tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul və təsdiq olundu. Təcrübə onu göstərir ki, bu 17 Dayanıqlı İnkişaf Məqsədindən 12-si birbaşa, 5-i isə dolayı yolla minatəmizləmə fəaliyyəti ilə bağlıdır. Mina problemi insanların təhlükəsiz yaşaması, təhlükəsiz təhsil alması, habelə təsərrüfat fəaliyyətini həyat keçirməsi və s. kimi amillərə çox ciddi təhdiddir və onların həyata keçirilməsinə mane olan bir şərtdir.

Ölkə Prezidentinin təşəbbüsü ilə mina təhlükəsi ilə mübarizə sahəsində 18-ci Dayanıqlı İnkişaf Məqsədinin təşviq edilməsi, minadan zərərçəkmiş ölkələrin yeni Dayanıqlı İnkişaf Məqsədi ətrafında bir araya gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Növbəti ildən qəbulu planlaşdırılır. Eyni zamanda, ölkəmiz qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir.

z6Son iki il yarim dövr ərzində Azərbaycan mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan mühüm məsələlərin həlli istiqamətində keçirilən bir neçə beynəlxalq konfranslara ev sahibliyi etmiş, bu sahədə qabaqcıl platformaya çevrilmişdir. “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində tədbirdə iştirak edən Qoşulmama Hərəkatına üzv olan mina probleminə məruz qalmış ölkələrin aidiyyəti nümayəndələri ilə görüş keçirdik. Görüşdə, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması üzrə fikir mübadiləsi aparıldı. İştirak edən nümayəndələr ölkə rəhbərinin təklifini maraqla qarşılayıb, bu istiqamətdə gələcəkdə birgə əməkdaşlıq imkanlarının müzakirəsini dəstəklədilər. Habelə, qeyd edim ki, 2-ci beynəlxalq konfransın sonunda Bəyannamə qəbul edildi.

POLİQON: Sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

Vüqar Süleymanov: Diqqətinizə görə sizə bir daha minnətdarlığımı bildirirəm və sizin jurnal vasitəsilə bütün oxucularınızı, geniş ictimaiyyəti əmin etmək istəyirəm ki, ANAMA kollektivi qarşısında duran böyük vəzifələrin və çağırışların həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Çox sağ olun, təşəkkür edirik. ANAMA-nın 25 illik yubileyi münasibəti ilə sizi və bütün əməkdaşlarınızı təbrik edirik.

Müsahibə POLİQON hərbi-texnoloji jurnalının yeni sayında yayımlanıb

Zaur Babaşov, Elşən Abdulkərimov

CATEGORIES
TAGS