Vüqar Süleymanov: Azad edilən ərazilərdə 116574 ədəd mina və PHS aşkarlanıb
Vətən müharibəsi başa çatandan indiyədək işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülüb.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan mətbuat konfransında söyləyib.
O bildirib ki, indiyə qədər 129831 hektar ərazi minalardan təmizlənib: “Ümumilikdə, 116574 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Onlardan 65585 ədədi partlamamış hərbi sursat (PHS), 31919 ədədi piyada əleyhinə mina və 19070 ədədi tank əleyhinə minadır”.
V.Süleymanov dünyanın 60-dan çox ölkəsində 110 milyondan çox minanın basdırıldığını bildirib: “Azərbaycan da mina problemi ilə üz-üzədir. 30 illik işğal dövründə düşmən torpaqlarımızda 1.5 milyona qədər mina basdırıb. Müharibədən dərhal sonra azad olunmuş ərazilərdə minalardan təmizləmə prosesi başlanıb”.