Xocavənddə müasir avadanlıqlarla təchiz olunmuş hərbi hospitalda yüksək səviyyədə tibbi xidmət göstərilir – REPORTAJ

Xocavənddə müasir avadanlıqlarla təchiz olunmuş hərbi hospitalda yüksək səviyyədə tibbi xidmət göstərilir – REPORTAJ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

“Poliqon” xəbər verir ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Müdafiə Nazirliyi tərəfindən belə hərbi infrastrukturlardan birinə, Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitala təşkil edilən media-tur zamanı burada yaradılan şəraitlə yaxından tanış olmaq imkanı olub.

250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət-buraxılış məntəqəsi inşa edilib.

Hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusu da inşa edilib ki, burada qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.

Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

Media-tur çərçivəsində jurnalistlər burada müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşərək hərbi hospitalın imkanları, tibbi xidmətin səviyyəsi barədə ətraflı məlumatlar alıblar.

Hospitalda yüksək ixtisaslı peşəkar həkimlər çalışır

Hərbi hospitalın rəisi, tibb xidməti polkovniki İlqar Əliyev “Poliqon”un Xocavənd rayonuna ezam olunan əməkdaşına açıqlamasında bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur: “44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin erməni işğalından azad olunmasından sonra, Ali Baş Komandan İlham Əliyevin qayğısı ilə azad olunmuş bölgələrdə yeni tikililər, hərbi hissələr yaranmağa başladı. O cümlədən Xocavənd rayonunda bizim bu hospital yenidən quruldu. Hərbi hospital müasir standartlara uyğun palata və avadanlıqlar ilə təmin olunub.

10

Artıq bir ildir fəaliyyət göstərən hərbi hospitalımızda yaralı və xəstə hərbi qulluqçulara ixtisaslaşdırılmış tibbi yardım göstərilir. Burada cərrahiyyə, terapiya, dəri-zöhrəvi xəstəliklər, infeksiya, müayinə, radiologiya bölməmiz, müalicə və müayinə üçün ultrasəs, fizioterapiy, endoskopiya kabinetlərimiz, laboratoriyamız var. Həkimlərimizin professional hazırlığı, ixtisas hazırlığı yüksək səviyyədədir. Buna görə də rəhbərliyin hospital qarşısında qoyduğu tapşırığı qüsursuz yerinə yetirə biləcək vəziyyətdəyik”.

Polkovnik İ.Əliyev hərbi hospitalın müasir texnologiyalar ilə təchiz olunmasından və bu müasir texnologiyaların əvvəlki avadanlıqlar ilə müqayisədə həkimlərə verdiyi üstün imkanlardan danışıb.

“Hərbi hospitalımızda əvvəlkilərlə müqayisə olunmaz dərəcədə texnoloji irəliləyiş var. Hazırda burada endoskopik, qastroskopik, kolonoskopik kimi müayinə və əməliyyatlar aparırıq. Əvvəl belə imkanlar yox idi, indi isə var. Ultrasəs müayinəsi (USM) istifadə edilən və ən müasir standarta uyğun olan aparat ilə daha informativ müayinə metoduna çevrilib. Bundan başqa, kompüter–tomoqrafiyası (KT) müayinəsi, rəqəmsal rentgen müayinəsi həkimlərə diaqnozu dəqiqləşdirməkdə çətinlik çəkməmələri üçün üstün imkanlar yaradır. Laboratoriyamızdakı avadanlıq yüksək imkanlar verir ki, biz lazımi xəstəliklərin diferensiyasını apara bilək. Hospitalın reanimasiya şöbəsi müasir avadanlıqlarla təchiz olunub.

Bildiyiniz kimi, müharibə dövründəki yaralıların əksəriyyətinin reabilitasiyaya ehtiyacı var. Sağlamlıqla bağlı tərxis olan qazilərimizlə yanaşı, Azərbaycan Ordusunda qalıb xidmət edən yaralılarımız da var. Onların reabilitasiyasında fizioterapiya müalicəsi əvəz olunmazdır. Əvvəlki hospitalda ümumiyyətlə nə fizioterapiya kabineti, nə də ştatı yox idi. Ancaq burada var.

Bundan başqa, yeni hərbi hospitalımızda ağır xəstələri təcili və qısa müddətdə müalicə müəssisələrinə çatdırmaq üçün helikopter meydançası var. Hal-hazırda reanimobil nəqliyyat vasitələrimiz mövcuddur ki, əvvəlki hospitalda bu yox idi. Reanimobilin içi müasir avadanlıqla təchiz olunub. Reanimobil ilə istənilən ağır xəstəni sağ-salamat şəkildə daha ixtisaslı yardım göstərən müalicə müəssisələrinə köçürə bilirik. Yəni müqayisə olunmayacaq dərəcədə yaxşı avadanlıqlar və imkanlar var.

Ümumiyyətlə bizim hospitalın və kollektivin əsas qayəsi odur ki, xəstələrin vəziyyəti yüngülləşdirildikdən sonra digər müalicə müəssisələrinə göndərilsin. O müalicə müəssisələrinə ki, xəstənin sonrakı reabilitasiyasında bizim imkanlar nisbətən məhduddur. Burada imkanları daha geniş olan müalicə müəssisələrinə göndərilir. Ancaq elə hallar da olur ki, burada həmin xəstələrə tibbi yardım göstərəcək ixtisaslı mütəxəssis olmur. Biz onları mütləq və gecikdirmədən sürətli şəkildə həmin aidiyyəti müalicə müəssisəsinə köçürmək üçün sanitar aviasiya vasitəsindən istifadə edirik”, – deyə hərbi hospitalın rəisi vurğulayıb.

Hospitalda istənilən xəstənin əməliyyatı, sonrakı müalicəsi və diaqnozu üçün bütün lazımi avadanlıqlar və şərait var

Hərbi hospitalın cərrahiyə bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Mirağa Tarverdiyev bu hospitalda istənilən xarakterli əməliyyatlar icra olunduğunu bildirdi. Onun sözlərinə görə, hansı xəstələrin vəziyyəti çox ağır olur, onlar əvvəl burada əməliyyat olunur. Əgər sonrakı müayinə və müalicə prosesləri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında getməlidirsə, onlar Bakıya göndərilir.8

“Hərbi hospitalımızdan xəstələr çox az hallarda Bakıya təxliyə edilir. Çünki burada istənilən xəstənin əməliyyatı, sonrakı müalicəsi, diaqnostikası üçün bütün lazımi avadanlıqlarımız və şəraitimiz var. Bunların hamısı olduğuna görə, çox az hallarda xüsusi ağır xəstələri hansı ki, müalicəsi və müayinələri uzun müddətlidir, onları Bakıya təxliyə edirik. Digər bütün əməliyyatlar və xəstələrin müalicəsi burada həyata keçirilir. Xəstə və yaralılar burada ilkin əməliyyat olunur. Xəstənin vəziyyəti stabil hala salınandan sonra, hansı ki, təxliyə etmək olar xəstələri o zaman Bakıya göndəririk. Bu günə qədər 7-8 ağır xəstəni Bakıya köçürmüşük. Onlardan 3-ü helikopter ilə göndərilib. Digər xəstələr isə əməliyyat olunaraq sağalıb və sonra Baş Klinik Hospitala göndərilib”, – deyə polkovnik-leytenant M.Tarverdiyev vurğulayıb.

Doğma torpaqlarda xidmət aparmaq çox gözəl hissdir

1320 ildən artıq bir müddətdə hərbi xidmətdə olan baş çavuş Sevda Yusifova 30 il sonra doğma torpaqlarda xidmət aparmağın necə bir hiss olduğunu anlatmağa çalışdı: “30 ilə yaxındır ki, bu torpaqlarımız işğal altında idi. Biz buranın həsrətini çox çəkirdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün qardaşlarımızın ruhu qarşısında və onları böyüdən analarımızın qarşısında baş əyirik. Çox təşəkkür edirəm ki, onlar belə övlad böyüdüblər, torpaqlarımızı bizə qaytardılar. Bu gün doğma torpaqlarda xidmət aparmaq çox gözəl hissdir.

Onu da xüsusi qeyd etmək istəyirəm ki, burada xidmətimiz çox gözəl təşkil olunur. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət göstərirəm. Qarabağ Azərbaycandır”!

Hər zaman ordumuzun qulluğunda durmağa hazırıq

12Hərbi hospitalın Laboratoriya bölməsinin laborantı İlhamə Bəylərova 2019-cu ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçdiyi şərəfli və məsuliyyətli xidmətdən danışdı: “2020-ci ildə torpaqlarımız işğaldan azad olunandan sonra Cəbrayıl və Xocavənd rayonlarında xidmət edirəm. Ali Baş Komandanımız çox sağolsun ki, onun güclü siyasəti nəticəsində bu torpaqlara ayaq basmışıq. Ali Baş Komandan bizim bu hospitalın təmirinə və tez bir müddətdə tibbi avadanlıq ilə təmin olunmasına xüsusi diqqət ayırdı. Biz də hər zaman ordumuzun və əsgərlərimizin qulluğunda durmağa hazırıq”.

İ.Bəylərova bildirib ki, hospitalın laboratoriyasındakı tibbi avadanlıqlar müasir standartlara tam cavab verir: “Bütün müayinələrin hamısı hospitalın laboratoriyasında aparılır. Burada təmin olunduğumuz aparatların vasitəsilə heç bir gecikmə olmadan, vaxtı-vaxtında müayinələrimizi edib, həkimlərimizi məlumatlandırırıq”.

DSC04007Palatada ziyarət etdiyimiz əsgər Cahandar Eminli bir ildir ki, xidmətdə olduğunu dedi. O iyunun 7-də hərbi hospitala gətirildiyini və ayın 8-i qasıq nahiyəsindəki yırtıqdan əməliyyat olduğunu qeyd etdi. Hal-hazırda vəziyyətinin yaxşı olduğunu deyən əsgər C.Eminli səhhətinin daha da yaxşıya doğru irəlilədiyini bildirdi.

Onu da qeyd edək ki, Xocavənddəki hərbi hospitalın ərazisində tibbi personal və onların ailə üzvləri üçün yaşayış binaları inşa edilib. Yeni istifadəyə verilmiş, hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət ikimərtəbəli binalar kommunikasiya xətləri və mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. Müasir standartlara cavab verən tam təmirli mənzillərdə mebel və lazımi avadanlıqlar quraşdırılıb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Poliqon.az

CATEGORIES
TAGS