Xorvatiya M2 “Bradley” PDM-lər alır

Xorvatiya M2 “Bradley” PDM-lər alır

Xorvatiya ABŞ-dan 89 ədəd M2 “Bradley” piyada döyüş maşını (PDM) alacaq.

“Poliqon” ABŞ-ın Xorvatiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Xorvatiya hökuməti 196 milyon ABŞ dolları dəyərində zirehli maşınların alınması üzrə yekun planı təsdiq edib.

Qeyd edək ki, Xorvatiya 2017-ci ildən bəri M2 “Bradley” PDM-ni almaq üçün ABŞ ilə danışıqlar aparır. Eyni zamanda, potensial sövdələşmənin şərtlərinə dəfələrlə yenidən baxılıb. Yekun variantda əməliyyatın ümumi dəyəri 51 milyon ABŞ dolları ianə daxil olmaqla 196 milyon ABŞ dolları məbləğində qiymətləndirilib. Müqavilə əsasında 89 ədəd “Bradley” M2A2 ODS (Operation Desert Storm) modifikasiyasında PDM tədarük olunacaq ki, onlardan da 62 ədədi döyüş əməliyyatları üçün, 5 ədədi təlim üçün, 22 ədədi isə ehtiyat hissələri donoru kimi hazırlanacaq. Tədarüklər 2023-cü ildə başlayacaq.

M2 “Bradley” piyadanın döyüş maşını 1970-ci illərdə “United Defense” şirkəti tərəfindən hazırlanmış amfibiya döyüş maşınıdır. Ordu generalı Omar Bredlinin (Omar Nelson Bradley) şərəfinə adlandırılıb. PDM-in heyəti üç nəfərdən ibarətdir, maşın desant bölməsində altı nəfərə qədər piyadanı daşıya bilir. Döyüş vəziyyətində kütləsi 21,3 ton, uzunluğu 6,45 metr, eni 3,2 metr və hündürlüyü 2,9 metrdir. PDM 1 ədəd 25 mm-lik M242 “Bushmaster” avtomatik topu, 1 ədəd 7,62 mm-lik M240C pulemyotu və 2 ədəd BGM-71 ТOW tank əleyhinə idarə olunan raket kompleksi ilə silahlandırılıb.

Xatırladaq ki, “Bradley” piyada döyüş maşınları amerikalılar tərəfindən hər iki İraq kampaniyasında fəal şəkildə istifadə edilib. O da məlumdur ki, İraqda 2003-2011-ci illərdə davam edən müharibə zamanı “Bradley” döyüş maşınları “Abrams” tanklarından daha çox zirehli texnikanı məhv edib. ABŞ Ordusundan başqa, “Bradley” PDM-lər Səudiyyə Ərəbistanında, Yunanıstanda və Livanda silahlanmadadır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS