Xudafərinin işğaldan azad olunmasından iki il ötür – FOTO

Xudafərinin işğaldan azad olunmasından iki il ötür – FOTO

Bu gün Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin işğaldan azad olunmasından iki il ötür.

“Poliqon”un məlumatına görə, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində ən uğurlu döyüşlərdən biri Arazboyu əməliyyatları olub. Bu uğurlu əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 18-də Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin qəsəbəsi düşməndən azad edilib. Bu qəsəbənin azad edilməsi ilə strateji yüksəkliklər əldə edilib və tarixi Xudafərin körpüsü 27 il sonra öz sahibinə qaytarılıb.

Azad olunan Xudafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağı sancılıb. Azərbaycan xalqına bu sevinci Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov məruzə edib.

Xudafərinin azad edilməsi 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla icra edən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən göstərilən şücaətlərdən biri idi. Müharibənin ilk günündən sərhədçilər Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad edib, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağını sancıb, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Dövlət Sərhəd Xidmətinin heyəti Füzuli, Cəbrayıl, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.

Artıq bu gün Azərbaycan xalqı Xudafərin körpüsünün işğaldan azad olunmasının ikinci ildönümünü qeyd edir. Bu ərəfədə, media nümayəndələri üçün Dövlət Sərhəd Xidməti tərəfindən təşkil edilən səfərdə, Xudafərin ərazisində xidmət edən, döyüşlərdə iştirak etmiş, fərqlənmiş hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Zəfər tarixini onu yazanlardan eşitmək, azad Cəbrayılın, Xudafərinin keşiyində dağ kimi dayanan sərhədçi qəhrəmanları əyani tanımaq Qarabağ döyüşləri ilə bağlı hadisələri gözümüzdə bir daha canlandırdı.

Dəlidağ silsiləsi əhəmiyyət kəsb edirdi

DSX2Xudafərinin işğaldan azad olunmasından söz açan Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov bildirib ki, döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.

“Bu ərazilərin işğaldan azad olunması Əmirvarlı və Soltanlı istiqamətində səddlərin işğaldan azad olunmasından sonra başlanıldı. Soltanlı istiqamətində səddin götürülməsindən sonra, Dövlət Sərhəd Xidmətinin əməliyyat planı Araz boyu sərhəd istiqamətində irəliləmək oldu. Bu geniş əməliyyat planlarından biri də Dəlidağ silsiləsinin işğaldan azad edilməsi idi. Bu, arxa tərəfinizdə gördüyünüz Dəlidağ silsiləsinin işğaldan azad olunması uğrunda bir neçə əməliyyat planı hazırlandı ki, bura qədər biz bir neçə təpə və hündürlükləri götürməli, düşməndən təmizləməli olduq. Əməliyyat planının məqsədi ondan ibarət idi ki, bu silsilənin üzərində biz çevik hərəkat qruplarını yerləşdirərək Araz boyu istiqamətindən hərəkət edən düşmənin canlı qüvvəsini və texnikasını məhv edək. Bu Dəlidağ silsiləsinə bir sutkadan az vaxt ərzində çatdıq. 11,5 kilometr məsafəni düşmən arxasına sızmaq əməliyyatı ilə qət etdik. Dəlidağ silsiləsini götürdükdən sonra, orada düşmənə pusqu hazırladıq. Düşmənin canlı qüvvəsi və texnikası orada bizim pusquya düşdü və tam olaraq məhv edildi”, – deyə polkovnik B.Ələkbərov vurğulayıb.

Onun sözlərinə görə, Xudafərin istiqamətində Xudafərin körpüsü yox, Dəlidağ silsiləsi əhəmiyyət kəsb edirdi. Buna görə də, onlar əvvəlcə Dəlidağ silsiləsini işğaldan azad etməli olublar. B. Ələkbərov bildirib ki, sərhədçilər bu silsiləni işğaldan azad etdikdən sonra, növbəti tapşırıq əsasında qruplarla bütün bu ərazilərdə arama-tarama işlərinə başlayıb və həmin ərazini düşməndən təmizləyib.

“Bundan sonra, qədim Xudafərin körpüsü üzərində şanlı bayrağımızı sancaraq Ali Baş Komandana məruzə etdik. Daha sonra, bir neçə saatlıq həm təminat baxımından, həm də silah-sursat baxımından hazırlığımız oldu. Ən qısa müddətdə hazır vəziyyətə gəldik və bir gün sonra buradan uzaq məsafəli sayılan Zəngilan şəhərini işğaldan azad olunması tapşırığını aldıq ki, bu da 44 günlük müharibədə ən iti sürətli əməliyyat kimi yadda qaldı”, – deyə polkovnik B.Ələkbərov vurğulayıb.

Xudafərin körpüsünün azad olunması əməliyyatını xüsusi edən…

MRS0540DSX-nin Çevik Hərəkət Qüvvələrinin zabiti, baş leytenant Elgün Ağayev 44 günlük Vətən müharibəsində Hadrut qəsəbəsinin düşməndən azad olunmasından sonra, növbəti tapşırıqlarının Cəbrayıl rayounu istiqamətində olduğunu deyib: “Cəbrayıl rayonuna doğru irəliləməli idik. Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətinə gəldik və Şükürbəylidən Soltanlı kəndinə doğru irəlilədik. Daha sonra, Soltanlı kəndindən Xudafərin körpüsünə doğru tapşırıq aldıq. Bütün bu istiqamətlərdə qarşımızda maneələr olurdu. Bəzi yerlərdə, strateji yüksəkliklərdə düşmənlə təmas olurdu. Bu maneələri keçdikdən sonra növbəti tapşırıq nöqtəmiz Xudafərin körpüsü idi. Xüdafərin körpüsünə çatmamış müəyyən bir məsafədə mövqeləndik və ərazinin müşahidəsini apardıq. Xudafərin körpüsünə çatanda gecə vaxtı idi. Ona görə də, səhərə yaxın, o istiqamətdə üzüaşağı doğru hərəkət etdik. Orada təmas oldu, qruplarımız bizim keçməyimizi təmin etməli idi. O istiqamətdə, Xudafərin körpüsünə gələndə təhlükəsizliyimiz təmin olunmalı idi. Qruplarımız həmin vaxtı düşməni məhv etdi. Sonra Xudafərin körpüsünə doğru sızma baş verdi. Arama-tarama işlərindən sonra, Azərbaycan bayrağını Xudafərin körpüsündə dalğalandırdıq”.

E.Ağayev bildirib ki, Xudafərin körpüsünün azad olunması əməliyyatını xüsusi edən bir şey var ki, bu əməliyyatda nə şəhid, nə də yaralımız olmayıb: “Amma düşmən xeyli sayda itki verdi. Xudafərin körpüsü istiqamətinə düşərkən düşmən demək olar ki, yox idi. Düşmən görəndə ki, Azərbaycan əsgəri necə gəlir, artıq onlar bilirdilər ki, bizə tab gətirə bilməyəcəklər. Ona görə də qorxub qaçırdılar. Bu böyük bir qürur hissidir, sözlə ifadə etmək mümkün deyil”.

Poliqon.az

CATEGORIES
TAGS