Xudat Sərhəd Dəstəsinin 20 illik yubileyi qeyd olunub – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yaradılmasının 20 illik yubileyi qeyd olunub. “AzeriDefence”nin məlumatına görə, mərasim Azərbaycanın Dövlət Himninin oxunuşu ilə başlayıb.

Tədbirdə çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev deyib ki, 20 il öncə 1992-ci il iyun ayında əsası qoyulmuş sərhəd dəstəsində ilk vaxtlar normal xidməti şərait olmayıb. Buna baxmayaraq, dəstənin hərbi qulluqçuları tərəfindən xüsusi fədakarlıq göstərilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra sərhəd dəstəəsində normal xidməti şərait yaradılıb.

“Son 20 il ərzində Xudat Sərhəd Dəstəsində 19 sərhəd zastavası, 3 sərhəd komendantlığı və 2 sərhəd nəzarəti məntəqəsi inşa olunub. Dəstə tərəfindən 20 il ərzində 4700 sərhəd pozucusu, 23 000 sərhəd rejimi pozucusu saxlanılıb, 17,3 mln. manatlıq qaçaqmalın, o cümlədən 261 kq narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb”, – deyə general E. Quliyev vurğulayıb.

Daha sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuuya mükafatlar təqdim olunub.

Rəsmi hissədən sonra Dəstənin yeni tibb məntəqəsinin açılışı keçirilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Mühafizə Komitəsi 1992-ci il iyun ayının 13-də “Yalama” ƏNBM-in fəaliyyətə başlaması haqqında qərar verib. İyun ayının 16-da milli sərhəd qoşunlarının əsgərləri baş leytenant Elçin Quliyevin (hazırda DSX-nin rəisi) rəhbərliyi altında Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxıb. Bununla da Rusiya ilə sərhəddə Azərbaycanın ilk – Xudat Sərhəd Dəstəsi yaradılıb.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov də iştirak edib.

CATEGORIES