
Xüsusi Təyinatlılar üçün Sürətli Müdaxilə Katerləri
Son illər dənizdə imkanlarını genişləndirən Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələri (HDQ) və Sahil Mühafizə qurumlarının böyük gözətçi gəmiləri ilə yanaşı dəniz xüsusi təyinatlılı bölmələrinin tələblərinə uyğun konfiqurasiya edilmiş sürətli müdaxilə katerləri (SMK) axtarışı müşahidə olunmaqdadır.
“Azeri Defence” jurnalının müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara görə, ötən illərdə region dövlətlərinin Hərbi Dəniz Qüvvələri tərəfindən xüsusi əməliyyat qüvvələri üçün bir neçə fərqli şirkətin modellərini nəzərdən keçirir. Bənzər istək Azərbaycan tərəfində də mövcuddur və dəniz xüsusi təyinatlılarının reaksiya qabiliyyətinin artırılması məqsədi ilə onlar üçün özəl dizayn edilmiş üzmə vasitələrinin əldə edilməsi prioritetlər sırasında yer alır. Bu platformalar arasında daha çox üzərində dayanılanı İsveçin “Dockstavarvet” şirkətinin CB-90 SMK-lərdiri. Ötən müddətdə Qazaxıstan və Azərbaycanın bu katerlərlə yaxından maraqlandığı, hətta lisenziyalı istehsalı ilə məşğul olan bir neçə istehsalçı ilə görüşüldüyü məlumdur. Digər sahilyanı dövlət – Türkmənistan isə ehtiyaclarını daha çox yerli tərsanədə istehsal hesabına qarşılamağa çalışır. Bu məqsədlə dəniz xüsusi təyinatlıları üçün konfiqurasiya edilmiş 16 və 20 metrlik katerlər inşa etməyi düşünür. Burada ehtimalla “Dearsan” tərsanəsinin 15 və 27 metrlik SMK-lərinin üzərində dayanıldığı ehtimal oluna bilər.
Bu yazımızda Xəzəryanı ölkələrin ehtiyaclarına uyğun SMK (dənizçilər bunu SAT kateri də adlandırırlar–red) layihələrindən bəhs edəcəyik.
Regionda CB-90 istəyi
ABŞ-da daxil olmaqla, dünyanın müxtəlif regionlarında dəniz xüsusi təyinatlıları və sahil mühafizə qüvvələrinin istifadəsində yer alan İsveçin “Dockstavarvet” şirkətinin CB-90 SMK-ləri analoqlarından kiçik qabaritləri və zəif radar izinə görə fərqlənir. Uzunluğu 14.90 m, eni 3.85 m, çəkisi 18 ton təşkil edən bu katerlərin nəqliyyyat vasitələrinin üzərində, ro-ro tipli gəmilərdə və təyyarələrdə nəql edilə bilməsi CB-90 üçün əlavə avantajlar yaradır. Başqa sözlə, Rusiyanın Volqa-Don kanalından istifadə etmədən, Gürcüstanın Poti limanından böyük yük maşınlarında, yaxud dəmir yolu vasitəsi ilə bu katerləri rahatlıqla Xəzər dənizinə gətirmək olar. Hər biri 625 at gücündə iki “Scania DSİ 14 V8” dizel mühərrik və 2 ədəd “Kamewa FF” waterjetə (su reaktivi) malik katerin sürəti 45 düyün, üzmə uzaqlığı 240 dəniz mili təşkil edir. Hazırda bu katerlərdən 3 ədəd CB-90 HEX Yunanıstan Sahil Mühafizəsinin, 17 ədəd Malayziya Dəniz Qüvvələrinin, 27 ədəd CB-90HS modifikasiyası İsveç, 40 ədəd Meksika (20 ədəd CB-90HMN modifikasiyası (2 ədəd 800 at gücündə mühərriklə təchiz olunub)), 7 ədəd ABŞ, 20 ədəd CB-90H versiyası Norveçin HDQ və Sahil Mühafizə strukturlarının istifadəsindədir. CB-90-ların digər avantajı çaylarda, dambalarda, göllərdə və dayaz sularda istifadə edilə bilməsidir. Qeyd edilən üstün cəhətləri ilə yanaşı CB-90 SMK-lərin çatışmazlıqları da kifayət qədərdir. Bunlardan birincisi katerin dəniz şəratində üzmə uzaqlığının məhdud olması, dalğalı şəraitdə fəaliyyət göstərə bilməməsidir. Buna görə də, CB-90-lar açıq dənizlərdəki neft-qaz platformalarında, yaxud sahildən uzaq adalara yönəlik əməliyyatlarda istifadə olunmur.

Dockstavarvet CB-90
Xarici dizayna görə CB-90 “klonu” da adlandıra biləcəyimiz Rusiyann 03160 “Raptor” layihəsi bəzi məlumatlara görə, “Dockstavarvet”in lisenziyası ilə CB-90 SMK-lərin üzərində müəyyən təkmilləşdirmələr aparılmaqla yaradılıb. Bu layihə üzərə 2013-2015-ci illərdə inşa olunmuş ilk 4 kater Rusiya Qara dəniz Flotiliyasının sıralarına daxil edib. 2016-cı ildə isə Rusiyanın Müdafiə Nazirliyi ilə ““Pella” Leninqrad Gəmiqayırma Zavodu” ASC arasında 10-dan çox 03160 “Raptor” layihəli SMK-nin inşasına dair müqavilə imzalanıb. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, tam təchizatlı 20 hərbçi götürən “Raptor” müxtəlif silahlarla təchiz olunur. Uzunluğu 17.1 m, eni 4.1 metr təşkil edən kater hər biri 1150 at gücündə iki ədəd Caterpillar C18 ACERT dizel mühərrikə, “Rolls-Royce” şirkətinin istehsalı olan 2 ədəd “Kamewa 36A3 HS” waterjetə sahibdir. Katerin sürəti 48 düyün, üzmə uzaqlığı 300 dəniz milidir. CB-90-a nisbətən daha böyük qabaritə malik “Raptor”un zirehi (5a səviyyəsindədir) gücləndirilib.
Son bir neçə ildə Rusiya hərbi sənayesinə qarşı tətbiq edilən embarqolar “Raptor”ların da inşasına təsirini göstərib. Mediada yer alan informasiyalardan aydın olduğu qədər, tərsanə bu sıxıntılarla əlaqədar olaraq, Avropadan və Amerikadan hissələrin (su reaktivləri, mühərrik, naviqasiya) tədarükündə problemlərlə üzləşir. Bu səbəbdən də yeni gəmilərin sifarişçiyə çatdırılması yubanır. Eləcə də xidmətdə olan “Raptor”ların təmir-baxımıyla bağlı da məsələdə də həll olunmamış qalır.
Qazaxıstanda yerli katerlər
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında “Zenit” Ural Zavodu tərəfindən 2015-2019-cu illərdə xarici mütəxəssislərin (Rusiyalı – red) iştriakı ilə dizayn edilmiş bir neçə SMK inşa edilərək dəniz xüsusi təyinatlılarının istifadəsinə verilb. 2016-cı ilin iyul ayında istifadəyə verilmiş xüsusi təyinatlı katerinin uzunluğu 13 m, eni 3.5 metr, su basımı 12 ton təşkil edir. dənizdə 2 gün qala biləcək katerin sürəti 30 uzl, üzmə uzaqlığı 350 dəniz milidir. Heyəti 2 nəfər təşkil edən kater 8 nəfər xüsusi təyinatlı götürür. Sözügedən katerin “Pella” Leninqrad Gəmiqayırma Zavodu ASC-nin mütəxəssisləri ilə birlikdə CB-90 və onun klonu sayılan 03160 “Raptor” layihəsi üzərində yaradıldığı bildirilir.
“Zenit” Zavodunun layihələndirdiyi antidiversiya kater adı verilmiş digər SMK-nin su basımı 70 ton, dənizdə qlma müddəti 7 gün, üzmə uzaqlığı 600 mildir. Tam təchizatlı 15 xüsusi təyinatlı götürə bilən katerin digər texniki parametrləri açıqlanmır. KADEX-2018 sərgisində zavod rəsmilərinin verdikləri məlumatlara görə, bu layihə üzrə ilk katerin istehsalına dair Müdafiə Nazirliyinin qərarının il sonuna qədər veriləcəyi gözlənilir.
Türkiyə layihələri
Türkiyə hərbi sənayesinin regionda getdikcə mövqelərini möhkəmləndirməsi digər sahələrdə olduğu kimi, hərbi dənizçilik sektorunda da özünü göstərməyə başlayıb. Hərbi Dəniz Qüvvələrini yeni-yeni qurmağa başlayan Xəzəryanı türkdilli dövlətlər hazırda Türkiyə tərsanələri ilə bəzi layihələr üzərində müzakirlər aparır. Bu baxımdan hesab edirik ki, Türkiyə tərsanələrinin xüsusi təyinatllı qüvvələr üçün nəzərdə tutulan SMK layihələri barədə də məlumat vermək yerinə düşərdi.
Türkiyədə fəaliyyət göstərən tərsanələrdən hazırda ikisi – “Yonca-Onuk” və “Ares Tərsanəsi” sırf ixtisaslaşdırılmış SMK-lərin istehsalı sahəsində təcrübəyə malikdir. “Dearsan” və TAİS şirkətlərinin də bənzər layihələrinin olduğu bildirilsə də, ekspertlər həmin layihələrin sadəcə sürətli sahil mühafizə kateri səviyyəsində olduğunu, dəniz xüsusi təyinatlılarının tələblərini tam qarşılamadığını düşünürlər.
Kompozit və alüminium gövdəli, yüksək sürətli patrul katerlərinin və açıq dəniz gözətçi gəmilərinin (OPV) inşası sahəsində ixtisaslaşan “Yonca Onuk” və “Ares Tərsanəsi” Türkiyənin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi ilə yanaşı 2000-ci illərin əvvəllərindən bir sıra xarici ölkələr (Pakistan, Misir, Qətər, Bəhreyn, Malayziya, Gürcüstan, Nigeriya və s.) üçün müxtəlif ölçülü və təyinatlı dəniz platformalarının istehsalını həyata keçirir. Hazırda hər iki şirkət Yaxın Şərq regionunda yeni layihələrlə fəaliyyətlərini davam etdirirlər. 2018-ci ilin mart ayında Dohada keçirilmiş DIMDEX-2018 Beynəlxalq Dəniz Müdafiə Sərgisində “ARES Tərsanəsi” ilə Qətər Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri arasında 6 ədəd 24 metrlik ARES-80SAT, “Yonca-Onuk” tərsanəsi ilə Qətər Xüsusi Qüvvələr Komandanlığı arasında 8 ədəd MRTP-24/U (4 ədəd MRTP-24/U SOC və 4 ədəd MRTP-24/U FAC) katerinin çatdırılmasına dair müqavilə imzalanıb. Bundan başqa, “Yonca Onuk” tərsanəsi tərəfindən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün 2 yeni SAT katerinin inşası həyata keçirilir.
İstehsalçı şirkətlərin əməkdaşları beynəlxalq müdafiə sərgilərində nümayiş olunan bu katerlərə müxtəlif dövlətlərdən maraq ifadə olunduğunu deyirlər. Mütəxəssislərin sözlərinə görə, xüsusi əməliyyatlar üçün konfiqurasiya edilən bu platformaların qiymət avantajı, SAT/SAS qüvvələrinin ehtiyaclarını qarşılamaqdan əlavə, “vur-qaç” tapşırıqlarını yerinə yetirə bilmələri, müxtəlif silahlarla təchiz edilə bilməsi onları müasir dəniz əməliyyatları teatrında önə çıxarır. Orta mənzilli idarə olunan raketlərlə silahlandırıldıqda SMK-lər OPV-lərin və böyük gəmilərin “amansız qatilinə” çevrilə bilər.
Ekspertlərin fikrincə həm “Yonca Onuk”, həm də “Ares Tərsanəsi”nin təqdim etdiyi SMK-lər müəyyən mənada bir birlərinə bənzəsələr də, onların ortaq tərəfləri ilə yanaşı fərqlilikləri də mövcuddur. Hər iki şirkətin SMK-lərində Amerikanın məşhur “Mark V SOC” və İsveçin CB-90 katerlərinin, dünyadakı digər tərsanələrin analoji platformalarının müsbət tərəfləri və çatışmazlıqları öyrənilib. İstifadəçinin tələbləri və yerli şərtlər nəzərə alınmaqla, müasir dənizçilik yanaşması tətbiq olunub. Bundan başqa, katerlərin yüksək manevr qabiliyyəti, radar izinin aşağı olması, heyətin əməliyyatlarda sürətli iştirakı (minib düşməsi), katerin heyətinin əməliyyat rayonuna çıxarılan SAT qruplarına atəş dəstəyi verə bilməsi, sərt dəniz şəraitində üzgüçülük kimi vacib məqamlar da layihələndirmədə nəzərə alınıb.
Onuk MRTP-24/U SOC
2001-ci ildə imzalanmış müqavilə ilə Pakistan Xüsusi Təyinatlı Qüvvələrinə (İQBAL) 2 ədəd “Onuk” MRTP-15 (16,70 m/ 62 düyün) VBSS kateri ilə xaricə ixracata başlayan “Yonca-Onuk” layihənin davamı olaraq 2006-cı ildə Pakistan Hərbi Dəniz Qüvvələrindən daha 2 ədəd MRTP-33 kateri sifariş almış və bu katerlərin çatdırılmasını 2008-ci ildə təmin etmişdir. Pakistanda 2016-cı ilin noyabr ayında keçirilmiş İDEAS sərgisində səslənən məlumatlara görə, HDQ “Yonca Onuk”dan əlavə olaraq SAT katerləri də almağı düşünür. Bununla bağlı layihələrin yaxın illərdə gerçəkləşnməsi gözlənilir.

Yonca-Onuk şirkətinin istehsalı olan MRTP-24/U SAT kateri
“Yonca Onuk” tərsanəsinin təcrübəli mühəndisləri tərəfindən müxtəlif ölkələrinin istifadəsində yer alan MRTP seriyalı katerlərin əsasında yaradılmış xüsusi əməliyyat kateri (SOC- indeksi ilə təqdim olunur-red.) xüsusi təyinatlı dəstələrin əməliyyat bölgəsinə sürətli şəkildə çatdırılması və təxliyəsi, qaçaqmalçılıq və digər dəniz təhdidləri ilə operativ mübarizənin aparılması üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, “Onuk MRTP” seriyasının dördüncü nəsli sayılan MRTP-24/U SOC yüksək sürəti, davamlılığı, geniş diapazonu, mürəkkəb və geniş silah sistemləri ilə imkanları təsdiqlənmiş ən müasir xüsusi əməliyyat qüvvələri gəmisi hesab oluna bilər. MRTP-24/U digər “Onuk MRTP” platformaları kimi müasir idarəetmə sisteminə və əməliyyat qabiliyyətinə sahibdir. Layihələndirmə zamanı katerin istilik və maqnit imzasının azaldılmasına xüsusi diqqətin yetirildiyi, mühərrik və idarəetmə texnologiyalarında yaxın beş il ərzində proqnozlaşdırılan inkişafların nəzərə alındığı bildirilir. Det Norske Veritas (DNV) HSLC təsnifat qaydalarına uyğun hazırlanmış MRTP-24/U katerinin sahib olduğu MJP waterjet sistemi katerə üstün manevr imkanları yaradır. Ən sərt şəraitlərə belə davam gətirən sistem mühərrik seçimindən asılı olaraq, platformaya 55 düyünə qədər sürət yığmağa, 450 dəniz mili üzməyə imkan verir. Uzunluğu 26.30 m, eni 5.53 m, su basımı 1.40 m təşkil edən və dənizdə bir gün qala bilən katerin heyəti 7 nəfərdir. Heyətdən əlavə olaraq, kater tam təchiz olunmuş 16 xüsusi təyinatlını götürə biləcək imkana sahibdir. İstifadəçilərin tələblərinə uyğun olaraq müxtəlif missiya modulları ilə təchiz oluna bilən MRTP-24/U katerləri müştərilərə ASELSAN şirkətinin istehsalı olan 12.7 mm pulemyot və ya 25 mm topa sahib stabilləşdirilmiş döyüş modulu, 40 mm qumbaraatan, ROKETSAN şirkətinin istehsalı olan UMTAS və ya “Thales” şirkətinin LMM raketləri, “İqla” və ya “Stinger” tipli hava hücumundan müdafiə sistemləri, habelə gecə müşahidəsi üçün FLİR sistemi ilə təklif olunur.
MRTP-24/U katerlərinin texniki-taktiki göstəriciləri barədə “Azeri Defence” jurnalına danışan “Yonca Onuk” tərsanəsinin İdarə Heyətinin sədr müavini dr. Əkbər Onukun sözlərinə görə, adıçəkilən kater MRTP-24U tərsanənin daha əvvəl Türkiyə Hərbi Dəniz Qüvvələrinin SAT bölmələri üçün inşa edilmiş MRTP-22/U katerinin daha müasir versiyasıdır: “Bu modelin layihələndirilməsində Türkiyə HDQ-nin istifadəsində olan katerlərimizin istifadəsi, xüsusi təyinatlılarımızın fikir və təkliflərindən istifadə eləmişik. Yeni versiyada döyüş modulu katerin ön göyərtəsinə deyil arxaya yerləşdirildi. Bu da öz növbəsində 360 dərəcə bucaq altında hədəflərə atəş açmağa imkan verir. Eyni zamanda ön hissədə görmənin məhdudlaşması aradan qaldırıldı. Radar nəzarət sahəsini daha yaxşı kontrol edə bilirik”.
Ə. Onukun sözlərinə görə, 2 ədəd 2000 at gücündə “Caterpilar” mühərriklə də bu sürəti təmin etmək mümkündür: “Düşünürəm ki, Azərbaycanın da ehtiyac duyduğu kater budur. MRTP-24/U Xəzər dənizi şərtlərində SAT/SAS bölmələrinin ehtiyaclarını qarşılaya, onların sürətli nəqli, qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməsi üçün unikal platforma ola bilər. Fikrimcə, Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan SAT-ları Dəniz Qüvvələrimizin inventarında olan bu katerlərlə tanışdırlar. Modulyar dizaynı kateri müxtəlif əməliyyat missiyaları üçün konfiqurasiya etməyə imkan verir. Bu katerin silahlı – “fast attack” versiyası 10 heyət daşıyır və göyərtənin arxa hissəsində idarə olunan raketlərdən atəş aça bilən silah stansiyasına sahibdir. Bu stansiyaya donanmanın silahlanmasında olan raketləri inteqrasiya edə bilərik. Bundan başqa, katerdə 2 ədəd şişmə qayıq və 2 ədəd paketlənmiş qayıq mövcuddur. Bir fərqi deyə bilərəm ki, MRTP-24/U Amerika dəniz xüsusi təyinatlılarının “Mark 5” katerindən 10 düyün artıq sürətə, daha çox dənizçiliyə malik katerdir”.
Ə. Onukun sözlərinə görə, hazırda Türkiyə HDQ- üçün yeni modeldən 2 ədəd yeni katerin inşası davam edir. Qətərdən isə 4 ədədi 4 ədəd MRTP-24/U SOC və 4 ədəd MRTP-24 FAC olmaqla, əlavə 8 kater sifarişi mövcuddur. MRTP-24/U FAC katerlərinin üzərində iki stabilləşdirilmiş (üstə və öndə) döyüş modulu, arxada isə idarə olunan raket stansiyası yer alacaq.
“Katerlərimizin radar izi minimum səviyyədədir və MRTP-24U əvəlki nəsil katerlərmizdə olduğu kimi stels xüsusiyyətlər əsasında inşa edilir. Bunlar dünyanın müxtəlif nöqtələrində əməliyyatlarda istifadə olunmuş və özünü doğrultmuş katerdir. Bu gün dünyanın müxtəlif dövlərlətindən böyük maraq var. Lakin istehsal xəttimiz yaxın 3 il üçün doludur. Azərbaycan bizə bir tələblə çıxış edərsə, hansısa formada o tələbləri qarşılamağa hazırıq”.
ARES-80 SAT
“Ares Tərsanəsi”nin xüsusi təyinatlılar üçün dizayn etdiyi platformalara alüminium gövdəli katerləri 17.20 metr uzunluğunda ARES-55 SAT, 24 metr uzunluğunda ARES-80 SAT kiçik, 30.10 m uzunluğunda ARES-95 SAT, 30.60 m uzunluğunda ARES-100 SAT orta, 47.95 m uzunluğunda ARES-150 SAT böyük xüsusi əməliyyat gəmisi daxildir. Layihələrdən göründüyü qədər, “Ares Tərsanəsi”nin layihələndirməsində özünəməxsus yanaşma ortaya qoyulmuşdur. Kiçik ARES-55 SAT, ARES-80 SAT və orta ölçülü ARES-95 SAT layihələrində gəminin burun hissəsində xüsusi təyinatlıların əraziyə çıxarılmasını asanlaşdıran açılan rampa tətbiq edilib. Sahilə yaxın məsafədə torpaq və qumla təmas nəzərə alınaraq gəmilərin burun hissəsinin mühafizəsi gücləndirilib.

ARES Tərsanəsi – ARES-80 SAT
DİMDEX-2018 sərgisində imzalanmış müqavilə ilə Qətər “Ares Tərsanəsi”nin SAT katerlərinin ilk istifadəçisi ünvanına sahib olub və Qətər üçün 6 ədəd 24 metrlik ARES-80 SAT xüsusi təyinatlı katerinin istehsalı planlaşdırılır.
ARES-80 SAT kateri sürətli hücum, dənizdə patrul və müşaiyət əməliyyatlları, həmçinin qaçaqmalçılıqla mübarizə, dəniz və sahil qurğularının mühafizəsi, xüsusi təyinatlı bölmələrin əraziyə çıxarılması və s. müxtəlif məqsədlər üçün nəzərdə tutulur. 24 metr uzunluğa və 5.8 metr enə malik katerin su basımı 68 ton, maksimal sürəti 54 düyündən çoxdur.
Türkiyə HDQ-nin sualtı hücum qüvvələri (SAT) üçün elan etdiyi tender çərçivəsində, 2013-cü ildə xüsusi təyinatlıların tələbləri nəzərə alınmaqla hazırlanan ARES-80 SAT kateri proqram hökumət tərəfindən ləğv edildikdən sonra müəyyən dəyişikliklərlə xaricə təklif olunmağa başlanıb. “Ares Tərsanəsi”nin Baş direktoru Utku Alançın sözlərinə görə, gövdə dizaynı ARES-80 SAT katerlərinə 5 bal dalğada 50 düyün sürətlə hərəkət etməyə imkan verir. Gəminin hərəkəti hər biri 2600 at gücündə (cəmi 5200 at) iki ədəd MTU dizel mühərrik və “Rolls-Royce” şirkətinin waterjetləri hesabına təmin olunur. Müxtəlif silah və sensorlarla təchiz edilə bilən katerlər 1 və ya 2 ədəd RHİB qayıq daşıyır və üzmə uzaqlığı 600 dəniz milidir. ARES-80 SAT katerləri tam təchizatlı 16 xüsusi təyinatlının nəqli üçün nəzərdə tutulur.

ARES Tərsanəsi – ARES-55 SAT
“Katerin gövdəsinin inşasında 5083 marka standart dəniz alüminiumunun yerinə, daha üstün xüsusiyyətlərə malik 5383 marka sealiumdan istifadə olunur. Bu da platformanın desant çıxarılması, yaxud düşmənin atəşi zamanı zərər çəkən hissələrinin hər yerdə asanlıqla təmir edilməsinə imkan verir”, – deyə U. Alanç qeyd edib.
Aresin bu gün bir neçə xüsusi əməliyyat katerləri var. Bu katerllər həm ani müdaxilə məqsədi, həm hücum məqsədli, həm də SAT komandolarını daşıya bilən katerlərimiz var.
“Ares Tərsanəsi”nin SMK-ləri barədə danışan U. Alanç bildirib ki, hazırda 14 metrdən 48 metrdək fərqli ölçülərdə layihələr mövcuddur: “İlk xüsusi əməliyyat katerimizi Türkiyə HDQ-nin SAT kateri tenderi üçün dizayn etmişdik. 24 metrlik kater 50 düyün sürətə malikdir. Üzərində ASELSAN-ın 25 mm-lik STOP silah sistemi vardı. 2018-ci ilin ikinci yarısında Qətər Daxili Təhlükəsizlik Komandanlığı ilə 6 ədəd 21 metr boyunda SAT katerinin inşasına dair memorandum imzaladıq. Bu il katerlərin inşasına başlanacaq. Qətər üçün inşa olunan katerlər ARES-65 “Harpoon” adlanacaq. Bu katerin üzərində 12.7 mm pulemyota malik ASELSAN şirkətinin istehsalı olan döyüş modulu yerləşəcək. Kater 65 düyün sürətlə sinfində ən yüksək sürətli platformadır. Bir Cənubi Amerika dövləti üçün layihələndirdiyimiz 48 metrlik katerlər üçün hazırda həmin dövlətdə büdcə ayrılmasını gözləyirik. Bu kater həm xüsusi əməliyyat qüvvələrinin heyətini daşıyacaq, həm də OPV funksiyası yerinə yetirəcək. Əslində normal SAT katerlərində belə bir ölçü yoxdur. Lakin bu tam fərqli və yeni yanaşmadır”.

ARES Tərsanəsi – ARES-95 SAT
Utku Alançın sözlərinə görə, Qətər üçün nəzərdə tutulan katerlərdə önə və arxa bölməyə düz dəhliz mövcuddur ki, bu da xüsusi təyinatlıların katerə maneəsiz şəkildə çıxış girişinə imkan verir: “Kater alüminium gövdəli olsa da balistik qoruma təmin edilib. V dizaynına malik gövdənin burun hissəsinin alt qismi gücləndirilib və quru sahəyə (qum və çınqıllı) əraziyə sürtünmə ilə çıxa bilər. əməliyyat müddəti 1 gün nəzərdə tutula da zərurət yarandıqda bunu bir neçə günə çatdırmaq mümkündür”.
ARES Tərsanəsinin sahibi Kərim Kalafatoğlu “Azeri Defence” jurnalına açıqlamasında bildirib ki, ARES 80SAT katerlərinin hazırlanması zamanı bazardakı bütün analoji məhsulları tədqiq araşdırıldığını deyib: “Bu gün dünyada daha çox tanınan “Dockstavarvet” şirkətinin katerləri kiçik – 16,17 metrlikdir. Bizim SAT katerlərimizin uzunluğu isə 24 metrdir. Bir çox funksiyalarına görə, CB-90 katerlərinə bənzəsə də daha üstün qabiliyyətə malikdir. Bu gəmilər daha dərinlikdə və sərt şəraitlərdə xidmət edə biləcək. Bu katerlərə regionda böyük ehtiyac hiss olunur. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, bu gün dünyada getdikcə böyük gəmilərin döyüş qabiliyyətini özündə cəmləşdirən, sürətli, silah çeşidi geniş, radar izi zəif olan, az heyətli, dayaz sularda xidmət edən gəmilərə yönəlmə prosesi gedir. Bu kontekstdə bizim gəmilərə xüsusi diqqət hiss olunur”.
TAİS korporasiyasının NSAB layihəsi
Türkiyədə 5 tərsanənin ortaqlığı olan TAİS şirkətinin təqdim etdiyi NSAB (Naval Special Forces Attack Boat) layihəsinin uzunluğu 25.75 m, eni 5.78 metr, heyəti 5 nəfərdir. Kater tam təchizatlı 16 heyət götürə bilir.
2 ədəd 2600 at gücündə mühərrik və 2 ədəd waterjetlə təchiz edilən katerin sürətinin 50 düyün üzərində olduğu, üzmə uzaqlığının 500 dəniz mili təşkil etdiyi bildirilir. NSAB layihə halındadır və bu günədək istehsal edilmiş nümunəsi mövcud deyil. 2018-ci ildə Qazaxıstan və Azərbaycanda keçirilmiş müdafiə sərgilərində TAİS sözügedən layihəni region dövlətlərinin HDQ-nin nümayəndələrinə təqdim edib.
Rəşad Süleymanov