Yavər Camalov: MSN müəssisələrində yeni silah sistemləri yaradılır

Azərbaycanın müdafiə sənayesi müəssisələrində 2016-cı ildə müdafiə sifarişində yaradılma bölməsi üzrə 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulur.
“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb.
Yavər Camalov qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri tərəfindən 37 mərhələ yerinə yetirilib, o cümlədən TA-57 tipli səhra telefon aparatının yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Digər mərhələlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin yaradılması işləri başa çatdırılıb və istehsal edilərək sifarişçilərə təhvil verilib.
“Cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomat qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılmış və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam edir”, – deyə nazir qeyd edib.
Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2016-cı ildə 30 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Əsas mövzulardan müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, orta və uzaq mənzilli raket sistemlərinin və s. yaradılması həyata keçirilir.
Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb: “İlk növbədə, əsas diqqət müxtəlif növ döyüş modulları ilə təchiz edilmiş “Tufan” milli zirehli nəqliyyat vasitəsinin yaradılmasına yönəldilib. Eyni zamanda, “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb ADEX-2016 II Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Digər yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrin ixtiyarına veriləcək”.



