Yeni döyüş başlığı ilə təchiz edilən “Warmate” süzən sursatı sınaqdan keçirilib
Polşanın “WB Group” şirkəti “Warmate” süzən sursatını yeni tank əleyhinə döyüş başlığı ilə sınaqdan keçirib.
“Poliqon” “Defence24” nəşrinə istinadən xəbər verir ki, “WB Group” şirkəti və Polşanın Hərbi Silahlanma Texnologiya İnstitutu tərəfindən birlikdə hazırlanmış yeni döyüş başlığı zirehli hədəflərin, o cümlədən nəqliyyat vasitələrinin daha effektiv şəkildə məhv edilməsinə imkan verəcək.
Kütləsi təxminən 2 kq olan döyüş başlığı 300 mm qalınlığındakı zirehi dələ bilir. Bu isə süzən sursatın nəqliyyat vasitələrini və digər zirehli hədəfləri məhv etmək qabiliyyətini artırır.
Hazırda “Warmate” süzən sursatı Polşa, Ukrayna, Gürcüstan, Hindistan və Cənubi Koreya tərəfindən istifadə olunur. “WB Group”un bildirdiyinə görə, son bir neçə ayda süzən sursatdan təxminən 5000 ədəd istehsal edilib.