
BMC şirkəti tərəfindən asimmetrik müharibə şəraiti və döyüş sahəsindəki təcrübələr əsasında hazırlanmış “Yük və Personal Daşıma Maşını” ailəsinin yeni üzvü PAMİR 4×4 SAHA 2026 sərgisində ilk dəfə təqdim olunub.
“Poliqon” xəbər verir ki, həm şəxsi heyətin, həm də yüklərin daşınması üçün nəzərdə tutulmuş PAMİR 4×4, Türkiyə Silahlı Qüvvələrinin sahə təcrübələri nəzərə alınaraq asimmetrik döyüş şəraitinə uyğun şəkildə inkişaf etdirilib.
Tapşırıqlarda təhlükəsiz, sürətli və effektiv həllər təqdim etməyi hədəfləyən və zirehsiz olaraq dizayn edilən platforma müxtəlif əməliyyat ehtiyaclarına uyğunlaşaraq çevik istifadə imkanı yaradır.
Maksimum 120 km/saat sürətə çata bilən vasitə 600 kilometrlik hərəkət məsafəsi ilə uzunmüddətli əməliyyatlarda effektiv performans göstərir. Kabina daxilində 4 nəfərlik heyət daşıma qabiliyyətinə malik PAMİR 4×4, yük bölməsi ilə birlikdə ümumilikdə 10 nəfəri daşıya bilir.
Platforma çətin relyef şəraitində hərəkət qabiliyyəti ilə seçilir. 60% dik yamacları enə və qalxa bilən vasitə, eyni yamacda dayanıb yenidən hərəkətə başlama və 30% yan meyilli ərazilərdə təhlükəsiz şəkildə irəliləmə xüsusiyyətlərinə malikdir. Həmçinin 30% dik yamaclarda qoşqu ilə birlikdə də fəaliyyət göstərə bilir.
Bundan başqa, PAMİR 4×4 yük və şəxsi heyət daşıma maşını üçün Türkiyə Quru Qoşunları tərəfindən sertifikatlaşdırma prosesi davam edir.





