Yeni yaradılan hərbi hissələrə döyüş bayraqları təqdim edilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib. General-polkovnik Kərəm Mustafayev Azərbaycanın Prezidenti İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.
Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Ali Məclisin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa edib, torpaqlarımız işğaldan azad olunub, böyük tarixi qələbə qazanılıb. Bu qələbənin qazanılmasında şəhidlərimiz və yaralananlar da olub.
Ali Məclisin sədri yaralanan bütün hərbi qulluqçulara şəfa diləyib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin sədri deyib ki, İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir: “Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılıb, 288 hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Naxçıvanda motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilib, yeni hərbi hissələr yaradılıb, ən müasir silah və texnika təminatı həyata keçirilib, müdafiə təhlükəsizliyi təmin olunub. Muxtar respublikada hərbi infrastrukturun möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılıb. Naxçıvan şəhərində, rayon mərkəzlərində müasir yaşayış binaları, hərbi şəhərciklər tikilərək istifadəyə verilib, zabit-gizir ailələri mənzillərlə təmin olunub”.
Ali Məclisin sədri bildirib ki, ordu quruculuğu sahəsində qazanılan ən böyük uğurlardan biri də peşəkar və vətənpərvər şəxsi heyətin formalaşdırılmasıdır: “Keçirilən birgə təlimlər, təşkil olunan kurslar, ideoloji işin düzgün qurulması, müasir təlim-tədris komplekslərinin istifadəyə verilməsi hərbi qulluqçuların peşəkarlığını xeyli artırıb. Ölkəmizdə dövlət-xalq-ordu birliyi vardır. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, inkişafa öz töhfələrini verirlər. İkinci Qarabağ müharibəsində muxtar respublika sakinlərinin səfərbərlik tədbirlərini böyük ruh yüksəkliyi ilə qarşılaması, təsərrüfatlarında yetişdirdikləri məhsullardan hərbi hissələrə aparması, ordumuzla həmrəylik nümayiş etdirməsi də xalq-ordu birliyinin nəticəsidir. Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və Vətənin müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə qayğı da həyata keçirilən sosial siyasətin əsas istiqamətidir”.
Ali Məclisin sədri yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə şəxsi heyəti təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Fevralın 8-də Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub. General-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.
Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanıb.
Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılıb. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınıb. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılıb, müxtəlif dekorativ ağac və güllər əkilib. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilib, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanıb.
Sonra xatirə şəkli çəkdirilib.
Ali Məclisin sədri deyib: Türkiyə Respublikası həmişə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yanında olmuşdur. Qazanılan uğurlarda Türkiyə Silahlı Qüvvələrinin də böyük rolu vardır. Buna görə də Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiram və hörmətimizi bildiririk. Bu park İkinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan birliyinə xatirə olaraq yaradılıb və buraya Türkiyə-Naxçıvan Dostluq Parkı adı verilib. Bu da gələcək nəsillər üçün nümunə olacaqdır.
Ali Məclisin sədri Əlahiddə Ümumqoşun Ordunun təlimlərdə iştirak etməsinə şərait yaratdığına görə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərinə, ordunun hazırlığı və tapşırıqların düzgün icrasına görə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, eləcə də şəxsi heyətə təşəkkürünü bildirib.










