Yunanıstan İsrailldən SPYDER ZRK almağı planlaşdırır

Yunanıstan İsrailldən SPYDER ZRK almağı planlaşdırır

Hava Hücumundan Müdafiə (HHM) birləşmə və bölmələrini gücləndirmək məqsədi ilə Yunanıstanın Müdafiə Nazirliyi İsrailin “Rafael” şirkəti ilə SPYDER zenit-raket komplekslərinin (ZRK) alınması ilə bağlı danışıqlar aparır.

“Poliqon” “Sherpard” nəşrinə istinadən xəbər verir ki, hazırda danışıqlar çərçivəsində hər iki tərəf bu sistemlər üçün satınalma şərtləri və ödəniş variantlarını müzakirə edir.

SPYDER ZRK son illərdə İranın geniş raket və dron hücumu ilə vurğulanan və onların həlledici rolunun ən son sübutu olaraq diqqət mərkəzindədir.

Bəzi mənbələrə görə, Yunanıstana SPYDER ZRK istifadəçiləri klubuna qoşulmağa imkan verən müqavilə yaxın günlərdə imzalanacaq. Hazırda SPYDER ZRK Çexiya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, Hindistan, Gürcistan, Vyetnam, Peru, Efiopiya,  Sinqapur və digər dövlətlərin silahlı qüvvələrinin silahlanmasındadır. Öz növbəsində Hindistan və Sinqapur 10 ildən artıqdır ki, SPYDER ZRK-dən istifadə edir və o, istismarı zamanı çoxlu müsbət rəylər alıb. Gürcüstan Müdafiə Qüvvələrinin SPYDER ZRK batareyasının 2008-ci ildə istifadə etditi barədə məlumatlar var idi. Lakin, heç bir rəsmi təsdiq mövcud deyil və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) silah transferi məlumat bazası bunu təsdiq etmir.

Bu zenit-raket kompleksinin yaradılması ideyası mülki yük maşınının bazasında quraşdırıla bilən və modul buraxma qurğularından istifadə edilə bilən nisbətən ucuz sistem yaratmaq idi. Buraxma qurğusu ilk növbədə təyyarələr üçün hazırlanmış “Python” və “Derby” raketlərindən istifadə etmək üçün nəzərdə tutulmuşdur ki, bu da sözügedən raketləri hər iki platformadan istifadə etmək üçün unifikasiya etməyə imkan verir. Raketlərin növündən asılı olaraq maksimal tutma məsafəsi 15-80 km və hündürlüyü 9-16 km-dir.

İsrailin “Rafael” və “Israel Aircraft Industries” (IAI) şirkətlərinin konsorsiumu tərəfindən hazırlanmış “Spyder” (Surface-to-Air PYton and DERby) zenit-raket kompleksi hücum təyyarələrini, bombardmançıları, qanadlı raketləri, PUA-ları və aviasiya yüksək dəqiqlikli silahlarını məhv etmək üçün təyin edilmiş mobil, hər cür hava şəraitində işləyə bilən, qısa mənzilli zenit-raket kompleksdir. Bu ZRK ictimaiyyətə ilk dəfə 2005-ci ildə təqdim edilib.

Standart kompleksin batareya tərkibinə daxildir:

– 6×6 təkər formullu yüksək keçidlikli “Tatra” təkərli şassisi üzərində quraşdırılmış buraxma qurğusu – 6 ədəd;

– nəqletmə-doldurma maşınları – 6 ədəd;

– kəşfiyyat və idarəetmə məntəqəsi – 1 ədəd;

– 35 km-ə qədər məsafədə 60 hədəfi aşkarlaya və izləyə bilən EL/M-2106NG radiolokasiya stansiyası – 1 ədəd;

– zenit idarə olunan raketlər (ZİR) – “Derby” (24 ədəd) və “Python 5” (24 ədəd).

“Derbi” ZİR hədəfi məhvetmə məsafəsi 35 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 16 km-ə qədər təşkil edir. Aktiv radiolokasiya özütuşlama başlığı və qəlpəli-fuqas döyüş hissəsi ilə təchiz edilib. “Derbi” ZİR, aktiv radiolokasiya özütuşlama sayəsində SPYDER ZRK-yə “atdın-unutdun” imkanı təmin edir.

Əsas xassələri:

– uzunluğu – 3620 mm;

– qanad açıqlığı – 640 mm;

– çapı (diametri) – 160 mm;

– çəkisi – 118 kq;

– döyüş başlığının çəkisi – 23 kq;

– uçuş sürəti – 4 Mach.

“Python 5” ZİR isə hədəfi məhvetmə məsafəsi 20 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 9 km-ə qədər təşkil edir. İnfraqırmızı özütuşlama başlığı ilə təchiz edilib. “Python 5” hazırda İsrail Müdafiə Ordusunun inventarındakı ən güclü “hava-hava” sinif raketi (air-to-air missile – AAM) və dünyanın ən qabaqcıl aviasiya raketlərindən biridir. Vizual mənzildən kənar raket kimi, buraxılışdan sonra kilidlənmə (lock-on-after launch – LOAL) qabiliyyətinə malikdir və hərtərəfli/bütün istiqamətli (arxaya doğru daxil olmaqla) hücum qabiliyyətinə malikdir. Raket, hədəf ərazini düşmən təyyarələri olmasına skan edən, sonra onu yekun təqibetmə üçün kilidlənən qabaqcıl elektro-optik infraqırmızı (infraqırmızı görüntüləmə ilə) özütuşlama başlığına malikdir.

Əsas xassələri:

– uzunluğu – 3100 mm;

– qanad açıqlığı – 640 mm;

– çapı (diametri) – 160 mm;

– çəkisi – 105 kq;

– döyüş başlığının çəkisi – 11 kq;

– uçuş sürəti – 4 Mach.

“Rafael” şirkəti mobil SPYDER ZRK-ni hava dörd konfiqurasiyada təklif edir – SPYDER-SR, SPYDER-ER, SPYDER-MR və SPYDER-LR:

– SPYDER-SR və SPYDER-ER 360° maili buraxma qurğulu ZRK müdafiə diapazonunu 40 km radiusa qədər genişləndirməklə yanaşı, sürətli reaksiya, buraxmadan əvvəl kilidləmə (lock-on-before-launch – LOBL) və buraxılışdan sonra kilidlənmə (lock-on-after launch – LOAL) imkanlarını təmin edir.

– SPYDER-MR və SPYDER-LR, müdafiə zonasınl 80 km radiusa qədər artıraraq şaquli buraxma qurğusu vasitəsilə orta və uzun mənzilli hədəfləri tutmağı təmin edir. Hər iki sistem hədəfin düşmən elan edilməsindən sonra saniyələr ərzində 360° müstəvidə buraxılışa imkan verir və hər cür hava şəraitində, çoxsaylı buraxma və şəbəkə mərkəzli imkanlar təmin edir.

SPYDER sistemləri qabaqcıl ECCM (Electronic Counter Countermeasures) imkanlarına malikdir və elektro-optik müşahidə yüklərindən, həmçinin simsiz məlumat bağlantısı rabitəsindən istifadə edir.

Kompleks Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bazaları, komanda məntəqələri, rabitə qovşaqları və s. kimi strateji obyektlərin mühafizəsi üçün istifadə oluna bilər.

Xatırladaq ki, ötən həftə Yunanıstanın Müdafiə Nazirliyi İsrailin “Dəmir Günbəz” sistemi ilə oxşar imkanlara malik olmalı olan zenit-raket kompleksinin yaradılması planlarını açıqlayıb (bu barədə 19.04.2024-cü il tarixli paylaşımımda ətraflı məlumat vermişəm). Lakin yüksək maliyyə xərcləri səbəbindən bu ideyaya yenidən baxılıb və bu, Yunanıstana daha ucuz alternativin alınmasını müzakirə etməyə başlamağa imkan verib.

Bu arada onu da qeyd edək ki, Yunanıstan ABŞ-ın tələbləri çərçivəsində Ukraynaya nə Sovet istehsalı S-300 sistemlərini, nə ABŞ istehsalı “Patriot” sistemlərini, nə də onların raketlərini verməyəcək. Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin sözlərinə görə, ölkə Ukraynaya lazım olan sistemləri ötürə bilmir, çünki onun özündə ümumi çatışmazlıq var. Bundan başqa, bu sistemlər Yunanıstan ərazisini tez-tez ərazi suları yaxınlığında uçan Türkiyə aviasiyasından daim qorumaq üçün istifadə olunur.

Əhəd Vahidoğlu

CATEGORIES