Zakir Həsənov: Antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi

Zakir Həsənov: Antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi

Möhtərəm cənab Prezident Azərbaycan Ordusunda islahatlara başlayanda qarşıya konkret vəzifələr qoymuşdu – müasir, peşəkar ordu qurulsun, ən müasir silah, texnika ilə təchiz edilsin və ordu ən çətin müxtəlif şəraitlərdə döyüş aparmağa qadir olsun. Biz buna nail olduq.

“Poliqon” xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, indiyədək dünyada Azərbaycan Ordusunun təcrübəsi öyrənilir: “Biz özümüz də əməliyyatlarımızı təhlil edirik. Təhlillər göstərir ki, bizim islahatların əsas istiqamətləri düzgün seçilib. Biz onların bəhrəsini gördük. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, hərb elmi gündən-günə inkişaf edir. Biz bunu dərindən öyrənirik. Biz müharibə vaxtı əldə etdiyimiz təcrübəni də, nöqsanları da öyrənirik. İstifadə etdiyimiz silahları da öyrənirik – onların hansının tətbiqi bizə daha çox fayda gətirdi, hansılar döyüşlərdə özünü çox da yaxşı göstərmədi. Təbii ki, biz nəticələr çıxardıq və onları dəyişdik.

Bütün bu təhlillər göstərdi ki, müharibədəki bütün o təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir”.

CATEGORIES