Zakir Həsənov: Azərbaycan Ordusu TSQ-nin standartlarına uyğunlaşdırılır

İyulun 14-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin (TSQ) standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edən Müdafiə naziri hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov hərbi kadrların hazırlanması və azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən C.Bağçı Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Türkiyəli səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək Azərbaycan ordusuna bundan sonra da hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.




