Zakir Həsənov: Azərbaycan Ordusunun yeni silahlarla təchiz edilməsi istiqamətində işlər davam edir

Zakir Həsənov: Azərbaycan Ordusunun yeni silahlarla təchiz edilməsi istiqamətində işlər davam edir

Azərbaycan Ordusu bölmələrinin yeni silahlar, döyüş texnikası ilə təchiz edilməsi istiqamətində işlər bu gün də uğurla davam edir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ADEX-2024 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı müraciətdə deyilib.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həmişə qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimizin prioritet məsələsi olaraq qalır. Bu sahənin əhəmiyyəti nəzərə alınmaqla, hərbi təhsil, tibb, təminat-təchizat da daxil olmaqla, dünyanın bir çox ölkələri ilə hərbi, hərbi-texniki sahədə daima milli maraqlarımıza uyğun olaraq həyata keçirilən əməkdaşlıq, ordumuzun daha da inkişaf etdirilməsi üçün səmərəli olacaqdır”, – deyə Zakir Həsənov vurğulayıb.

Müdafiə naziri bildirib ki, regionda və dünyada baş verən proseslər, müasir dövrün təhdid və çağırışları, təbii olaraq, müdafiə sənayesi sahəsində baş verən yeniliklərin izlənilməsi və öyrənilməsini zəruri edir, ölkəmizin müdafiə qüdrətinin, Ordumuzun döyüş hazırlığının bundan sonra da daima yüksək səviyyədə saxlanılmasını şərtləndirir: “Azərbaycan Ordusu bölmələrinin yeni silahlar, döyüş texnikası ilə təchiz edilməsi istiqamətində işlər bu gün də uğurla davam edir. Məhz görülən bu müsbət işlərin nəticəsidir ki, bu gün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusu dünyanın müasir tələblərə cavab verən orduları arasında ön sıralarda yer alır. Fəxrlə deyə bilərik ki, ölkə başçısının da söylədiyi kimi, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə şanlı qələbələrlə Zəfər qazanmış Azərbaycan Ordusundan qat-qat güclüdür.

Xalqımız əmin ola bilər ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilən, yüksək vətənpərvərlik ruhuna malik, psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir”.

CATEGORIES
TAGS