Zakir Həsənov əfqanıstanlı səfiri qəbul edib

İyulun 15-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edərək hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini bildirib.
Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında iştirakını diqqətə çatdıran Z.Həsənov Prezident İlham Əliyevin tapşırığı ilə Əfqanıstana nəqliyyat və logistik dəstəklə yanaşı Azərbaycanın eyni zamanda NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı ilə də töhfə verdiyini qeyd edib.
Azərbaycanın ərazi bütövlüyü məsələsində Əfqanıstanın hər zaman açıq mövqe nümayiş etdirdiyini qeyd edən Müdafiə naziri Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiyinə görə Əfqanıstan xalqına təşəkkürünü bildirib.
Səfir Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan və Əfqanıstan Müdafiə nazirlikləri arasında imzalanan sazişə əsasən əfqanıstanlı hərbi qulluqçuların Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təhsil almalarının əhəmiyyətini vurğulayıb.
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.




