
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri ilə ayrı-ayrılıqda görüşüb.
“AzeriDefence”nin məlumatına görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb.
Azərbaycan-Gürcüstan və Azərbaycan- Türkiyə hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik Z.Həsənov bu əlaqələrin daimi olacağını qeyd edib.
Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən qonşu ölkələrin müdafiə nazirləri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildiriblər.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



