Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimini izləyib – YENİLƏNİB

Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimini izləyib – YENİLƏNİB

Azərbaycan-Türkiyə birgə hərbi təliminin “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

“Poliqon” verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər.

Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.

Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib.

“Qardaş Yumruğu” təlimi Azərbaycan və Türkiyə arasında hərbi sahədə bağlanmış əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Poliqon.az

CATEGORIES
TAGS