Prezident İlham Əliyev faşizm üzərində Qələbənin qazanılmasında xidmətləri olan azərbaycanlıların xatirəsini anıb – YENİLƏNİB

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il ötür.
“Poliqon” Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.
Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Azərbaycan xalqın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May – Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.
Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir. Xalqın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızların xatirəsi xalqın qəlbində əbədi yaşayacaq.





