“Xəzri-2023” təlimində iştirak edəcək Qazaxıstanın hərbi gəmiləri Bakıdadır

“Xəzri-2023” təlimində iştirak edəcək Qazaxıstanın hərbi gəmiləri Bakıdadır

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.

Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vitse-admiral S.Bəkirov Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və  hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra olunacaq.

CATEGORIES