“Saab” döyüş təyyarələrini müşayiət etmək üçün PUA yaradır

“Saab” döyüş təyyarələrini müşayiət etmək üçün PUA yaradır

İsveçin “Saab” şirkəti “Loyal Wingman” konsepti çərçivəsində istifadə olunacaq səsdən iti sürətli az gözəçarpan pilotsuz uçuş aparatı (PUA) yaradır.

“Poliqon” “The WarZone” nəşrinə istinadən xəbər verir ki, PUA-nın inkişafı daha əvvəl perspektivli yeni nəsil “Flygsystem 2020” təyyarəsi ilə birlikdə hazırlanmış “Saab Future Combat Air System” (FCAS) proqramı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, İsveç şirkəti perspektivli FCAS (Future Combat Air System) təyyarəsinin hazırlanması üzrə Britaniya-İtaliya proqramında iştirak etməyi planlaşdırsa da, bu proqramı tərk edərək müstəqil inkişafı davam etdirmək qərarına gəlib.

“Saab”ın FCAS proqramında iştirakı əsas təyyarəni müşayiət etmək, kəşfiyyat və hava məkanının monitorinqi tapşırıqlarını yerinə yetirmək üçün istifadə olunacaq səsdən iti sürətli PUA hazırlamaq məqsədi daşıyırdı.

Konstruktiv olaraq, PUA səsdən iti sürətli uçuş sürəti üçün nəzərdə tutulub ki, bu da digər belə PUA-larla müqayisədə olduqca unikal xüsusiyyətdir.

Bundan başqa, “Saab Future Combat Air System” proqramı çərçivəsində PUA-ya “hava-hava” tipli raket silahları inteqrasiya oluna bilər ki, bu da qırıcı-PUA birləşmələrinin atəş gücünü artırmağa imkan verəcək. Onun istifadəsi üçün PUA, həmçinin bort radiolokasiya stansiyası, optik aşkaretmə sistemləri, məlumat mübadiləsi sistemi, eləcə də radioelektron mübarizə sistemi kimi müvafiq sistemlərlə təchiz olunacaq.

Şirkətin planlarına görə, FCAS PUA gələcəkdə “Gripen E/F” qırıcıları ilə birlikdə döyüş idarəetmə sisteminə daxil ola biləcək.

“Future Combat Air System” proqramı Fransanın “Dassault Aviation”, Almaniyanın “Airbus” və İspaniyanın “Indra Sistemas” şirkətlərinin rəhbərlik etdiyi Avropa qırıcı təyyarələrinin inkişafı proqramıdır. Bu, Avropa qitəsində ən böyük birgə müdafiə layihələrindən biri adlanır. Gələcək qırıcıların köhnə “Rafale” və “Eurofighter Typhoons”  təyyarələrini əvəz etmək üçün 2040-cı ildə səmaya qalxacağı gözlənilir. Almaniya və Fransa 2017-ci ildən proqram üzərində işləməyə başlayıb, İspaniya 2020-ci ildə qoşulub.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS