General-mayor Zaur Rüstəmov: Hərbi aviasiyamız sürətlə inkişaf edir – MÜSAHİBƏ

General-mayor Zaur Rüstəmov: Hərbi aviasiyamız sürətlə inkişaf edir – MÜSAHİBƏ

Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Kamandanının müavini – aviasiya rəisi general-mayor Zaur Rüstəmov “Poliqon” hərbi-kosmik texnoloji jurnalına müsahibə verib. General-mayor Zaur Rüstəmov HHQ-nin yaranmasından bu günə qədər davam edən inkişaf prosesindən və perspektivlərindən danışıb.

POLİQON: Cənab general-mayor, müsahibəmizə Azərbaycan Hərbi Hava Qüvvələrinin tarixinə qısa nəzər salmaqla başlamaq istərdik. Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi qoşun növü necə yarandı?

DSC 6982General-mayor Zaur Rüstəmov: Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Ordusunun ən manevrli qoşun növü olaraq 20-ci əsrin sonlarından bu günə qədər geniş inkişaf yolu keçmişdir.

1991-cı ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün nizamlı orduya ehtiyac var idi. Hələ o dövrdə hərbi aviasiyamız formalaşmamışdı. Bu sahədə kadr və eyni zamanda hərbi təyyarə və helikopterlərin çatışmazlığı var idi.

Milli aviasiyamızın ilk hərbi hissəsinin yaranması 14 fevral 1992-ci ilə təsadüf edir. Zabrat aerodromunda çalışan mülki helikopter pilotlarının vətənpərvərliyi və fədakarlığı sayəsində Sovet ordusundan qalan helikopterlər hərbi aerodroma gətirildi və ilk milli helikopter eskadrilyamız yaradıldı. Hərbi hissənin yaranmasının ildönümü günü hər il tərəfimizdən təntənəli qeyd edilir.

POLİQON: Cənab general-mayor, məlumdur ki, HHQ yarandığı zaman milli kadrların çatışmazlığı mövcud idi. Həmin dövrdə pilotların hazırlanması necə təşkil olundu?

DSC 6885General-mayor Zaur Rüstəmov: Əvvəlcə onu qeyd edim ki, Birinci Qarabağ müharibəsində müxtəlif istiqamətlərdə hərbi pilotlarımızın şücaəti sayəsində düşmənin hərbi obyektlərinə, texnikasına, döyüş mövqelərinə uğurlu zərbələr endirilib, həmçinin mülki əhali düşmənin təcavüzünə məruz qalan ərazilərdən xilas edilərək, təxliyə edilmişdir.

Lakin milli kadrların çatışmazlığı bu sahənin inkişafına mənfi təsir edirdi.  Xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı tarixi qərar verdi. 1994-cü ilə “Uçuş Hazırlığı Təlim Mərkəzi”ni yaratdı. 1997-ci ildə ilk milli şahinlərimiz “leytenant” hərbi rütbəsi aldılar. Ulu Öndərimizin “Mən istəyirəm bizim milli şahinlərimiz olsun” fikri reallığa çevrildi.

Eyni zamanda həmin dövrdə qardaş Türkiyə Respublikasının hərbi məktəblərində təhsil almış təyyarəçilərimiz “leytenant” hərbi rütbəsi aldılar və bu proses davam etdirildi. Sonrakı dövrdə ordu quruculuğu sahəsində nail olduğumuz inkişaf, Hərbi Hava Qüvvələrimizə də öz müsbət təsirini göstərdi.

POLİQON: Son illər Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalı yeni silahlar, müşahidə və aşkaretmə sistemləri, aviasiya vasitələri hesabına əhəmiyyətli şəkildə gücləndirilir, HHQ-də yenilənmə prosesi müşahidə olunur. Bu istiqamətdə HHQ-də son illər görülən işlər barəsində oxucularımıza nələri deyə bilərsiniz?

WhatsApp Image 2024 02 27 at 18.15.13General-mayor Zaur Rüstəmov: Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən təyyarə və helikopter parkının yenilənməsi, digər aviasiya vasitə və qurğularının müasirləşdirilməsi, hərbi aviasiyamızın imkanlarının inkişafı Hərbi Hava Qüvvələrinin güclənməsinə, qarşıya qoyulmuş döyüş tapşırıqlarının uğurla icrasına hazır olmasında vacib rol oynadı.

Hərbi Hava Qüvvələrimiz arsenalında olan uçuş vasitələrinə görə qırıcı, hücumçu, ordu və nəqliyyat aviasiya növlərinə bölünür. Bu aviasiya vasitələrinin növlərinə görə yerinə yetirdikləri tapşırıqlar da fərqlidir.

Qırıcı aviasiya – Hava Hücumundan Müdafiə qoşunları ilə qarşılıqlı əlaqədə Azərbaycanın hava məkanını müdafiə edir, həmçinin döyüş tapşırıqlarını yerinə yetirən zərbə təyyarə qruplarını hava düşmənindən qorumaq, himayə etmək vəzifələrini də yerinə yetirirlər.  Eyni zamanda “fors major” hallarda qırıcı aviasiya mülki və hərbi təyinatlı uçuş aparatlarının təhlükəsiz enişini də təmin edir.

Hücumçu aviasiya – Azərbaycan Ordusunun digər qoşun növləri ilə qarşılıqlı əlaqədə olaraq düşmən qoşunlarının taktiki dərinlikdə olan vacib əhəmiyyətli legitim hərbi obyektlərini, komanda-idarəetmə mərkəzlərini, möhkəmləndirilmiş yeraltı sığınacaqlarını, uzunmüddətli atəş nöqtələrini və digər hərbi infrastrukturu məhv etmək üçün təyin olunub.

Ordu aviasiyası – Azərbaycan Ordusunun digər qoşun növləri ilə qarşılıqlı əlaqədə olaraq ön xəttə və yaxın taktiki dərinlikdə olan düşmənin canlı qüvvəsini, döyüş texnikasını, hərbi nəqliyyat vasitələrini, fortifikasiya qurğularını və digər hərbi təyinatlı obyektlərini məhv etmək, axtarış-xilasetmə və təxliyə tapşırıqlarını yerinə yetirmək üçün təyin olunub.

Nəqliyyat aviasiyası – Azərbaycan Ordusunun təminatı üçün lazım olan bütün növ yüklərin, şəxsi heyətin daşınması, taktiki və əməliyyat-taktiki desantın endirilməsi üçün təyin olunub. Eyni zamanda dost və tərəfdaş ölkələrlə bağlanmış müqavilələrə əsasən hərbi avadanlıqların və yüklərin ölkəmizə daşınmasını həyata keçirir.

POLİQON: 44 günlük Vətən müharibəsində HHQ-nin hərbi qulluqçuları xüsusi şücaət, qəhrəmanlıq göstərib. Vətən müharibəsində HHQ tərəfindən həyata keçirilən əməliyyatlar barəsində nələri deyə bilərsiniz?

WhatsApp Image 2024 02 27 at 18.15.12General-mayor Zaur Rüstəmov: Azərbaycan Hərbi Hava Qüvvələri 2020-ci il Vətən müharibəsi və 2023-cü il Antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etdi. Verilmiş düşmən hədəfləri yüksək peşəkarlıqla və dəqiqliklə məhv edildi.

Riyazi hesablamalarla yeni döyüş üsulları işlənib hazırlandı. Bu da uçuş aparatlarının düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin təsir zonasına girmədən tapşırıqları icra etməyə imkan verdi.

Vətən müharibəsi və 24 saatlıq Antiterror əməliyyatı zamanı 1000-dən çox döyüş uçuşu yerinə yetirildi. Xəstə və yaralıların döyüş meydanından helikopterlər vasitəsi ilə təxliyəsi nəticəsində bir çox insanın həyatı xilas edildi. Bütün uçuş, eləcə də yerüstü heyət yüksək peşəkarlıq və fədakarlıq göstərərək verilən bütün tapşırıqların uğurla yerinə yetirilməsi üçün səylə çalışdı.

POLİQON: HHQ-də kadrların hazırlanması, peşəkarlığının artırılmasında Vətən müharibəsindən qazanılan təcrübənin tətbiqini, eləcə də HHQ-nin döyüş hazırlığını necə qiymətləndirirsiniz?

WhatsApp Image 2024 02 27 at 18.15.12 1General-mayor Zaur Rüstəmov: Hər sahədə olduğu kimi hərbi aviasiya sahəsində də savadlı kadrların hazırlanması ən vacib məsələlərdən biridir. Bu sahədə fasiləsiz olaraq iş aparılır. Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda kursantların gələcəkdə peşəkar təyyarəçi və mühəndis kimi yetişmələri üçün professor-müəllim heyəti fəaliyyət göstərir.

Hərbi rütbə almış zabitlər ixtisaslarına uyğun təlim mərkəzlərində yerüstü hazırlıqlara cəlb olunurlar. İmtahanlardan uğurla keçən zabitlər aviasiya təlim vasitələrində uçuşlara cəlb olunurlar.

Milli kadrların hazırlanmasında qardaş Türkiyə Respublikasının təcrübəsi öyrənilir və tətbiq olunur. Hərbi təyyarəçilərimiz müxtəlif xarici ölkələrdə təlim və kurslara da cəlb olunur. İl ərzində bir neçə dəfə qardaş Türkiyə Respublikası ilə birgə təlim planlaşdırılaraq həyata keçirilir. Türk hərbi pilotlarla təcrübə mübadiləsi aparmaq artıq ənənə halına çevrilib. Bu məsələ gələcəkdə də diqqət mərkəzində olacaq. Digər türkdilli dövlətlərlə ortaq taktiki təlimlərin planlaşdırılması və həyata keçirilməsi gündəmdədir.

Dövlətimizin iqtisadi gücü, həmçinin cənab Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Hərbi Hava Qüvvələrimiz Cənubi Qafqazın ən güclü hərbi aviasiya vasitələrinə malikdir və Müstəqil Dövlətlər Birliyi məkanında uçuş saatına görə Azərbaycanın hərbi pilotları ön sıradadır.

POLİQON: Cənab general-mayor, HHQ-nin aviasiya vasitələrinin modernləşdirilməsi, müasir silah sistemləri ilə komplektləşdirilməsi istiqamətində hansı işlər görülür?

4 4General-mayor Zaur Rüstəmov: Bütün sahələrdə olduğu kimi hərbi aviasiyamız da sürətlə inkişaf edir. Yeni müasir aviasiya vasitələrinin alınması və silahlanmaya qəbul olunması gündəlikdə duran vacib və prioritet məsələdir. Arsenalımızda olan təyyarə və helikopterlərin naviqasiya və silah sistemlərinin modernləşdirilməsi üzrə fəaliyyətlər planlı şəkildə yerinə yetirilir.

Müasir müharibələr zamanı döyüş tapşırıqlarının icrası güclü radioelektron mübarizə şəraitində aparıldığını nəzərə alaraq bu sahədə də uğurlu modernləşmə işləri aparılır.

Aviasiya məhvetmə vasitələri modernizasiya edilir ki, bu da düşmənə təsir dərinliyinin artırılması və Hava Hücumundan Müdafiə vasitələrinin təsir zonasına daxil olmadan döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə imkan verəcək. Yeni, ən müasir döyüş-təlim və nəqliyyat təyyarələrinin alınması və təyyarə parkına daxil edilməsi istiqamətində də işlər aparılır.

Müsahibə “Poliqon” hərbi-kosmik texnoloji jurnalının yanvar-fevral 2024-cü il tarixli 1 (69) sayında yayımlanıb.

CATEGORIES
TAGS