ASELSAN cari ilin ilk altı ayı üzrə maliyyə nəticələrini açıqlayıb

ASELSAN cari ilin ilk altı ayı üzrə maliyyə nəticələrini açıqlayıb

Türkiyənin ASELSAN şirkəti 2024-cü ilin ilk altı ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, şirkətin 2024-cü ilin ilk altı ayında dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 35.7 milyard TL-yə çatıb.

ASELSAN-ın imzaladığı yeni müqavilələrin dəyəri də ötən ilin eyni dövrü ilə müqayisədə 124 faiz artaraq 2.6 milyard dollar olub. Beləliklə, 2023-cü ilin sonunda 11 milyard ABŞ dolları olan ASELSAN-ın balans sifarişləri cari ilin ilk altı ayı ərzində 11 faiz artaraq 12.3 milyard dollar təşkil edib.

Şirkətin ümumi mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb. Faiz, amortizasiya və vergidən əvvəlki mənfəət (EBITDA) 2023-cü ilin eyni dövrünə görə 9 faiz artaraq 8.7 milyard TL-yə çatıb. ASELSAN-ın xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 133 faiz artım göstərərək 3.6 milyard TL olub.

ASELSAN-ın ümumi kapitalı 2023-cü ilin sonu ilə müqayisədə 3 faiz artıb. Həmçinin şirkət kapitalının aktivlərinə nisbəti də yenidən artaraq 61 faiz təşkil edib.

ASELSAN-ın baş direktoru Ahmet Akyol şirkətin ilk yarımillik maliyyə nəticələrini qiymətləndirib: “Ölkəmizin müdafiə sənayesi lideri olaraq 2024-cü ilin ilk altı ayında bir çox yeni və mühüm uğurlara imza atdıq. Gələcəyə doğru inamlı addımlar atdığımızı maliyyə nəticələrimizlə konkretləşdirdik. Maliyyə nəticələrimiz etibarlı məhsul və sistemlərimizlə texnologiya sahəsində dünya gücünə çevrildiyimizi göstərir.

2024-cü ilin ilk altı ayında biz oyun dəyişdirən texnologiyalar inkişaf etdirərək, seqmentində ən yaxşı məhsulları istehsal edərək və ixrac yönümlü böyüyərək yüksəlişimizi davam etdirdik. Kütləvi istehsal üçün infrastruktur və gələcəyin texnologiyalarını yaratmaq üçün tədqiqat-inkişaf xərclərimizin intensiv olduğu bu dövrdə gəlirimizi 8 faiz, xalis mənfəətimizi isə 133 faiz artırdıq”.

CATEGORIES
TAGS