PUA vasitəsilə İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinə cəhd göstərilib
Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, dövlət sərhədində potensial təhdidlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, 29.09.24-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.
Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin edilib. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkarlanıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.