SAHA EXPO-2024 sərgisi öz fəaliyyətinə başlayıb
Türkiyənin SAHA İstanbul cəmiyyəti tərəfindən İstanbul Sərgi Mərkəzində keçirilən SAHA EXPO-2024 Müdafiə, Aviasiya və Kosmik Sənaye sərgisi öz fəaliyyətinə başlayıb.
“Poliqon” xəbər verir ki, oktyabrın 26-na qədər davam edəcək sərgidə 120-dən çox ölkədən 1478 şirkət özlərinin məhsul və xidmətlərini nümayiş etdirir.
SAHA EXPO-2024 sərgisində 25-i nazirlər səviyyəsində olmaqla 312 rəsmi nümayəndə heyətinin və 150 mindən çox peşəkar ziyarətçinin iştirakı gözlənilir.
Sərgi çərçivəsində müqavilələr və əməkdaşlıq sazişləri imzalanacaq, B2B görüşlər, FPV dron yarışları və təqdimatlar həyata keçiriləcək.
SAHA EXPO-da imzalanacaq müqavilələrin ümumi dəyərinin 6 milyard ABŞ dollarından çox olması hədəflənir.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ““Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti də SAHA EXPO-2024 sərgisində stendlə təmsil olunur.