DənizXəbərlər

STM NETA 300 sualtı İDA-sı Aralıq dənizində batmış tankı aşkarlayıb – VİDEO

Türkiyənin STM şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanmış STM NETA 300 avtonom sualtı insansız dəniz aparatı (İDA) Antalya vilayətinin Kaş rayonunda yerləşən Güvercin adası ətrafında sualtı kəşfiyyat fəaliyyəti həyata keçirib.

STM-dən “Poliqon”a verilən məlumata görə, Aralıq dənizinin zəngin sualtı canlı aləmi və batmış gəmiləri ilə diqqət çəkən ərazidə axtarış-xilasetmə, eləcə də batmış obyektlərin aşkarlanması və müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərən STM NETA 300 qabaqcıl sonar sistemləri və yüksək ayırdetməli görüntüləmə imkanları vasitəsilə sualtı mühiti skan edib.

Avtonom şəkildə həyata keçirilən kəşfiyyat zamanı ərazidə yerləşən batmış tankın görüntülərini əldə edən milli sualtı aparat tapşırığını uğurla tamamlayıb. STM NETA 300 bu fəaliyyətlə sualtı kəşfiyyat, obyektlərin aşkarlanması və görüntülənməsi imkanlarını real dəniz şəraitində bir daha nümayiş etdirib.

STM şirkətinin baş direktoru Özgür Güleryüz İDA-ların gələcəyin dəniz əməliyyatlarında getdikcə daha mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, dənizlərdə təhlükəsizlik anlayışı avtonom sistemlərin inkişafı ilə birlikdə əhəmiyyətli dəyişikliklərə məruz qalır. STM hərbi dənizçilik sahəsindəki köklü mühəndislik təcrübəsini süni intellekt və avtonom texnologiyalarla birləşdirərək bu sahədə oyun qaydalarını dəyişdirəcək sistemlər hazırlayır.

O vurğulayıb ki, STM-in insansız dəniz aparatları ailəsinin ilk üzvü olan və qısa müddətdə hazırlanan STM NETA 300-ün Aralıq dənizində həyata keçirdiyi avtonom kəşfiyyat tapşırığı milli mühəndislik imkanlarının sualtında çatdığı səviyyəni nümayiş etdirir.

“NETA-dan sonra sualtı İDA-mız TENGİZ və kamikadze tipli suüstü İDA-mız STM YAKTU ilə genişləndirdiyimiz məhsul ailəmiz çərçivəsində sualtından suüstünə qədər müxtəlif əməliyyat ehtiyaclarına uyğun həllər hazırlayırıq. Avtonom dəniz sistemlərimizlə gələcəyin dəniz əməliyyatlarında fərq yaradacaq yeni texnologiyaların hazırlanmasını davam etdirəcək, ilk növbədə Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) olmaqla, dost və müttəfiq ölkələrin dənizlərdəki əməliyyat imkanlarını gücləndirməyə davam edəcəyik”, – deyə şirkətin baş direktoru bildirib.

Qeyd edək ki, STM NETA 300 tərəfindən görüntülənən tank Türkiyə Silahlı Qüvvələrinin inventarında istismar müddətini başa vurduqdan sonra 2017-ci ildə dalğıc turizminə töhfə vermək və süni rif yaratmaq məqsədilə Kaş rayonunun Güvercin adası sahillərində sualtına yerləşdirilib.

Xatırladaq ki, STM NETA 300 oktyabr ayında Antalyada keçirilən TURNAs-2026 təlimi çərçivəsində ön qüvvə əməliyyatında iştirak edib.

Qabaqcıl sonar sistemləri və yüksək ayırdetməli sensorları vasitəsilə hərəkət marşrutu üzərindəki minaları və mina tipli sualtı təhdidləri avtonom şəkildə aşkarlayan və müəyyənləşdirən İDA əsas dəniz vasitələrinin hərəkət təhlükəsizliyinin təmin edilməsinə töhfə verərək tapşırığını uğurla yerinə yetirib.

Sistem təlim zamanı, həmçinin dəniz dibi müharibəsi çərçivəsində kritik obyektlərin təhlükəsizliyinin təmin edilməsi, boru xətlərinin yoxlanılması, skan edilməsi və təhdidlərin aşkarlanması üzrə fəaliyyətlər həyata keçirib.

Adını dənizçilikdə “qüsursuz, təhlükəsiz və hər zaman hazır” mənalarını ifadə edən NETA terminindən alan STM NETA 300 kompakt və modul konstruksiyası sayəsində iki nəfər tərəfindən daşına bilir.

300 metr dərinlikdə 24 saata qədər fəaliyyət göstərə bilən və 5 düyün sürətə çatan İDA qabaqcıl sonar sistemləri vasitəsilə minaların və mina tipli obyektlərin aşkarlanmasını, təsnifatını və müəyyənləşdirilməsini dəstəkləyir.

Avtonom istifadə konsepsiyasına malik milli sualtı İDA mina təhlükəsi olan dəniz ərazilərini yandan baxışlı sonar və boşluqların doldurulması üçün nəzərdə tutulan sonar vasitəsilə skan edir. Bu, istifadəçiyə minaları və mina tipli obyektləri mümkün qədər sürətli və effektiv şəkildə aşkarlamaq, təsnifləndirmək və müəyyənləşdirmək imkanı yaradır.

Daha geniş skan sahəsi və yüksək üfüqi ayırdetmə qabiliyyəti əldə etmək üçün aparata sintetik aperturalı sonar (SAS) inteqrasiyası da mümkündür.

STM NETA 300 hərbi sahədə kəşfiyyat, müşahidə, mina əleyhinə tədbirlər, limanların müdafiəsi, mülki sahədə isə dəniz dibinin tədqiqi, boru xətlərinin yoxlanılması, bərpa olunan enerji obyektlərinin nəzarəti və sualtı arxeologiya kimi müxtəlif tapşırıqların icrası üçün nəzərdə tutulub.

İlk daxili satış müqaviləsi də imzalanan STM NETA 300 Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasında xidmət göstərəcək.

Back to top button