Rusiya Belarusun 2S3M “Akatsiya”larını təkmilləşdirib
Rusiyanın “Rostex” korporasiyasının “Uralvaqonzavod” EİK konserninin tərkibinə daxil olan “Uraltransmaş” ASC təkmilləşdirilmiş 152 mm çaplı 2S3M “Akatsiya” özüyeriyən haubitsalarının Belarusa çatdırılmasını başa çatdırıb.
“Poliqon” xəbər verir ki, “Uraltransmaş” ASC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, təkmilləşdirmə zamanı özüyeriyən artilleriya qurğusunun (ÖAQ) artilleriya hissəsi və təpmə əleyhinə qurğuları təmir edilib, mühərriki və gövdəsi təkmilləşdirilib.
Məlumatda qeyd olunur ki, özüyeriyən haubitsalar Belarus Müdafiə Nazirliyi ilə imzalanmış müqavilə əsasında yerinə yetirilib.
Qeyd edək ki, 152 mm-lik 2S3M “Akatsiya” özüyeriyən haubitsası düşmənin raket qurğularını, artilleriya qurğularını, minaatanlarını və digər atəş vasitələrini məhv etmək və susdurmaq, tanklarını, özüyeriyən silahlarını və digər zirehli texnikalarnı məhv etmək, arxa cəbhəsini və qoşunları idarəetmə orqanlarını susdurmaq, səhra və uzunmüddətli müdafiə qurğularını, canlı qüvvəsini məhv etmək üçün təyin edilib.
Xatırladaq ki, özüyeriyən haubitsanın baza variantı 1971-ci ildə keçmiş SSRİ Ordusunun silahlanmasına qəbul edilib. 1970-ci illərin sonlarında özüyeriyən qurğular 2S3M səviyyəsinə qədər təkmilləşdirilib.
Əhəd Əzizov