Türkiyə HDQ “Ulaq” insansız kateri ilə silahlanır

Türkiyə HDQ “Ulaq” insansız kateri ilə silahlanır

Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) və “Ares Tersanesi” arasında “Ulaq” insansız katerinin tədarükünə dair müqavilə imzalanıb.

“Poliqon” “Ares Tersanesi”nə istinadən xəbər verir ki, razılaşmaya əsasən, şirkət Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) “Ulaq” insansız katerinin ASuW (Anti-Surface Warfare) və ASW (Anti-Submarine Warfare) modellərini tədarük edəcək.

“Ulaq” insansız katerinin ASuW versiyası suyun üstündəki, ASW variantı isə suyun altındakı gəmi, təhdid və təhlükələrlə mübarizə aparmaq, onları məhv etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Ares Tersanesi” və “Meteksan Savunma” şirkətləri tərəfindən birgə hazırlanan Türkiyənin ilk insansız dəniz vasitəsi (kater) “Ulaq”ın dizayn işləri 2020-ci ilin avqust ayında başa çatdırılıb və həmin ilin oktyabrında təqdimatı keçirilib. “Ulaq” insansız silahlı katerin ilk prototipinin istehsalı 2021-ci ilin əvvəlində tamamlanıb və sınaqlarının keçirilməsinə başlanıb.

400 km hərəkət radiusuna, 65 km/saat sürətə, gündüz və gecə görmə qabiliyyətinə, milli şifrələnmiş rabitə sisteminə sahib insansız silahlı katerin (Silahlı İnsansız Deniz Aracı -SİDA) korpusu tamamilə müasir kompozit materiallardan inşa edilib. SİDA kəşfiyyat, nəzarət, müşahidə, su üstü müharibə, asimmetrik müharibə, silahlı patrul və qüvvələrin qorunması, strateji obyektlərin mühafizəsi kimi müxtəlif tapşırıqların icrası üçün qurudan nəqliyyat vasitələri üzərində yaradılan mobil, yaxud komanda-qərargah mərkəzindən, habelə dənizdə təyyarədaşıyanlardan, freqatlardan və digər platformalardan idarə oluna biləcək.

Xatırladaq ki, ilk başda “Roketsan” şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılan “Ulaq” insansız katerinin cari ilin dekabr ayının 11-i  yeni konfiqurasiya edilmiş vesiyası təqdim olunub və silah arsenalının müxtəlifliyi artırılıb.

Poliqon.az

CATEGORIES
TAGS