Norveçdə K9 haubitsa istifadəçilərinin iclası keçirilir

Norveçdə K9 haubitsa istifadəçilərinin iclası keçirilir

Norveçdə K9 özüyeriyən artilleriya qurğusundan (ÖAQ) istifadə edən ölkələrin iştirakı ilə iclas keçirilir.

“Hanwha Aerospace” şirkətindən “Poliqon”a verilən məlumata görə, iclasda K9 özüyeriyən haubitsaların düzgün istismar edilməsi, texniki xidmətin göstərilməsi və lazımi təlimlərin keçirilməsi ilə bağlı məsələlər müzkirə olunub.

Cənubi Koreya, Norveç, Finlandiya, Estoniya, Polşa və Avstraliyadan olan hərbi nümayəndələrin iştirak etdiyi toplantıda Avropada K9 tədarük zəncirinin yaradılması barəsində də fikir mübadiləsi aparılıb.

İclas zamanı Norveçin “Kongsberg” və Avstraliyanın CBG şirkətləri istehsalçı “Hanwha Aerospace” konserni ilə birgə əməkdaşlıq çərçivəsində K9-un daha da təkmilləşdirilməsi və araşdırma-inkişaf fəaliyyətlərinin aparılması üçün K9 İstifadəçi Klubuna qoşulublar.

Cənubi Koreya, Norveç, Finlandiya, Estoniya, Polşa, Avstraliya və Türkiyənin qatıldığı K9 İstifadəçi Klubu 2022-ci ilin aprelində təşkil edilib.

Qeyd edilib ki, fevralın 6-dan başlayan və fevralın 9-nə qədər davam edəcək iclasın üçüncü günündə iştirakçılar Norveçin Setermoen təlim poliqonunda K9 ÖAQ-ın atəş və manevr bacarıqlarını izləyəcəklər.

Hazırda K9 ÖAQ dünya ölkələri tərəfindən ən çox tərcih edilən özüyeriyən artilleriya qurğularından hesab olunur.

Xatırladaq ki, istifadəçilərdən Norveç 2022-ci ilin noyabrında Cənubi Koreyadan əlavə 4 ədəd 155 mm-lik K9-un və 8 ədəd K10 nəqletmə-doldurma maşınının (NDM) tədarükü üçün müqavilə imzalayıb.

K9 “Thunder” dəqiqədə 6-8 atəş açmaq imkanına malikdir. Onun maksimum atış mənzili 40 kilometr, sursat tutumu 48 ədəd, döyüş kütləsi isə 47 ton təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS