“Roketsan” yeni tərəfdaşlıqlara imza atmağı hədəfləyir
Türkiyənin “Roketsan” şirkəti 19-25 iyun tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilən “Paris Air Show” aviasiya sərgisində yeni və özünü sübuta yetirmiş məhsullarını nümayiş etdirir.
“Poliqon” xəbər verir ki, bununla “Roketsan” həm Avropa, həm də dünya üzrə əməkdaşlıqlarını inkişaf etdirməyi və yeni tərəfdaşlıqlara imza atmağı hədəfləyir.
Şirkətin burada sərgilədiyi məhsullar sırasında MAM mini ağıllı sursat ailəsi (MAM-C, MAM-L və MAM-T), SOM-J raketi, “Teber” tuşlama dəsti və “Çakır” qanadlı raketi yer alır.
“Çakır”, quru, dəniz və hava platformalarından atıla bilən yeni nəsil qanadlı raketdir. O, təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, eləcə də taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilər.
Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına sahib “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına və 270 kiloqram ağırlığa malik “Çakır” qanadlı raketinin əsasən, suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.
“Teber” dəsti “Roketsan” tərəfindən Mk-81 və Mk-82 tipli ümumi təyinatlı aviasiya bombalarının vuruş dəqiqliyini artırmaq məqsədi ilə hazırlanıb. O, sadə ümumi təyinatlı aviasiya bombalarını inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) ilə təmin etməklə idarə olunan ağıllı sursat halına gətirir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən “Teber”, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.
SOM-J, yüksək mühafizəyə malik quru və dəniz hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulmuş “hava-yer” tipli raketdir. O, döyüş təyyarəsinin həm daxili, həm də qanad altındakı xarici asqılarında daşına və buraxıla bilər. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında yer alan SOM texnologiyası üzərində inkişaf etdirilən SOM-J mühüm imkanlara malikdir. SOM-J, öz seqmentindəki rəqiblərindən uzun diapazonu, azaldılmış görmə qabiliyyəti, uyğun qiymətləri və digər imkanları ilə fərqlənir.
150 dəniz milindən (275 km) artıq mənzilə sahib SOM-J raketinin uzunluğu 3.9 metr, ümumi ağırlığı 540 kiloqram və döyüş başlığının kütləsi 140 kiloqramdır. SOM-J, həm 4-cü nəsil döyüş təyyarəsi olan F-16-lar (xarici asqıda), həm də 5-ci nəsil döyüş təyyarəsi olan F-35-lər (daxili asqıda) tərəfindən istifadə edilə bilər.