
ABŞ-da AH-1Z “Viper” hücum helikopteri qəzaya uğrayıb
ABŞ-da Dəniz Piyadaları Korpusunun Bell AH-1Z “Viper” hücum helikopteri qəzaya uğrayıb.
“Poliqon” xəbər verir ki, bu, 2011-ci ildən ABŞ qoşunlarına tədarük edilən müasir hücum helikopteridir.
Helikopterin Nyu Cersi ştatında planlı uçuş yerinə yetiriən zaman qəzaya uğradığı bildirilir. Məlumdur ki, Bell AH-1Z “Viper” DPK-nin 773-cü “Red Dogs” (HMLA-773) aviasiya eskadrilyasına məxsus idi.
Helikopter bir neçə on metr hündürlükdən yerə çırpılıb. Qəza yeri Nyu Cersi ştatındakı aerodromun yaxınlığında yerləşir. Yanğınsöndürənlər bir neçə dəqiqədən sonra helikopterin qəzaya uğradığı yerə gəliblər.
Hazırda hər iki heyət üzvünün qəza zamanı sağ qaldığı, lakin ağır yaralandığı bildirilir. Zabitlər ən yaxın klinikaya aparılıb, onlara lazımi tibbi yardım göstərilir.
Bu, Bell AH-1Z “Viper” helikopteri ilə baş verən artıq ikinci insidentdir. 2019-cu ildə eyni markalı helikopter düşmüş, nəticədə iki pilot həlak olmuşdur.
Bildirilir ki, hazırda komissiya təşkil edilir və komissiyanın tərkibinə istehsalçının nümayəndələri də daxil olacaq. Bununla əlaqədar olaraq, helikopterin texniki nasazlıq səbəbindən düşdüyü ehtimal edilir.
Əhəd Əzizov