
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Dəniz Piyadaları Korpusunun AH-1Z “Viper” və UH-1Y “Venom” helikopterlərini modernləşdirmək üçün “Bell Textron” şirkətinə 300 milyon dollar dəyərində müqavilə verib.
“Poliqon” “Bell Textron”a istinadən xəbər verir ki, müqaviləyə əsasən, SPINE proqramı çərçivəsində ABŞ Dəniz Piyadaları Korpusuna məxsus ümumilikdə 49 ədəd helikopter (21 ədəd UH-1Y və 28 ədəd AH-1Z) modernləşdiriləcək.
Bildirilib ki, modernizasiya ilə bağlı işlərə 2027-ci ilin ortalarında şirkətin “Amarillo” zavodunda başlanacaq. İlk modernləşdirilmiş helikopterlərin 2028-ci ildə ABŞ Dəniz Piyadaları Korpusuna təhvil verilməsi planlaşdırılır.
SPINE proqramı helikopterlərin elektrik gücünü artıracaq, yeni nəsil avadanlıq və silah sistemlərinin inteqrasiyasını təmin edəcək. Modernləşdirilən platformalar Link 16 məlumat mübadiləsi sistemi, təkmilləşdirilmiş müdafiə sistemləri və şəbəkə əsaslı uzaqmənzilli silahlarla təchiz ediləcək.
Şirkətin qeyd etdiyinə görə, proqram H-1 helikopterlərinin döyüş imkanlarını artıraraq onların 2040-cı illərə qədər ABŞ Dəniz Piyadaları Korpusunun tərkibində effektiv xidmət göstərməsinə imkan verəcək.




