Latviya Silahlı Qüvvələri “Patria AMV” ZTR-ın ilk partiyasını qəbul edib

Latviya Silahlı Qüvvələri “Patria AMV” ZTR-ın ilk partiyasını qəbul edib

Finlandiyanın “Patria” şirkəti avqustda imzalanmış əsas müqavilənin şərtlərinə uyğun olaraq ilk 4 ədəd yeni 6×6 təkər formullu “Patria AMV” zirehli transportyorunu Latviya Ordusuna təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Latviyanın müdafiə naziri Artis Pabriks vurğulamasına görə, “Latviya şəraitinə uyğunlaşdırılmış və müxtəlif sınaqlardan keçirilmiş zirehli texnika əsgərlərin fiziki təhlükəsizliyini yaxşılaşdırmaqla yanaşı, Milli Silahlı Qüvvələrin əməliyyat imkanlarını xeyli genişləndirəcək. Yeni zirehli texnikanın tədqiqi və inkişafı sahəsində yerli şirkətlərin Finlandiya tərəfdaşları ilə əməkdaşlığı xüsusi xoşdur ki, bu da müdafiə sənayemizin daha geniş miqyasda səriştəsini və rəqabət qabiliyyətini təsdiqləyir”.

Qeyd edək ki, bu ay Latviya Milli Silahlı Qüvvələrinin təlimatçıları Finlandiyada keçirilən iki həftəlik təlim kurslarında iştirak ediblər. Kurslarda təlimatçılara zirehli texnikaların istifadəsi və texniki qulluğu üzrə zəruri bilik və bacarıqlar aşılanıb.

Xatırladaq ki, bu ilin 30 avqust tarixində Adazi bazasında Latviyanın müdafiə naziri Artis Pabriks və Finlandiyanın müdafiə naziri Antti Kaykkonen “Patria” şirkətindən 6×6 təkər formullu zirehli transportyorların alınmasına dair baş müqavilə imzalayıblar. Müqaviləyə əsasən 2029-cu ilə qədər Latviyaya 200-dən artıq yeni zirehli texnika tədarük olunacaq.

Latviya sifarişinin müqavilə qiyməti təqribən 200 milyon avro təşkil edir və bura texnikaların çatdırılması, ilkin texniki qulluq və heyətlərin təlimi daxildir.

Zirehli texnikanın texniki qulluğunun, təmirinin və mümkün təkmilləşdirilməsinin Latviyada həyata keçirilməsi planlaşdırılır. Həmçinin, yerli sahibkarları cəlb etməklə layihə eyni zamanda Latviya iqtisadiyyatına sərmayə qoyur və təchizatın təhlükəsizliyini təmin edir ki, bu da Latviyanın 6×6 təkər formullu zirehli texnika platformasının tədqiqat və inkişaf mərhələsinə başlayarkən qoyduğu ilkin şərtlərdən biri idi.

Hazırda yeni 6×6 təkər formullu zirehli texnika layihəsində Latviya və Finlandiya iştirak edir, eləcə də İsveç iştiraka maraq göstərir. Estoniya niyyət məktubu imzaladıqdan sonra sonradan Latviya və Finlandiya ilə layihədə iştirakını dayandırsa da, onun və istənilən digər müttəfiq ölkənin gələcəkdə çərçivə sazişi imzalamaq və nəqliyyat vasitələri sifariş etmək imkanı olacaq.

Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, yeni “Patria AMV” zirehli transportyorlarının müdafiə naziri A.Pabriksin iştirakı ilə qəbulu və kütləvi informasiya vasitələrinə təqdim edilməsi ilə bağlı təntənəli mərasim noyabrın 3-də baş tutacaq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS