ABŞ HDQ “Boeing” şirkətindən pilotsuz sualtı qayıq sifariş edib

ABŞ HDQ “Boeing” şirkətindən pilotsuz sualtı qayıq sifariş edib

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) 2023-cü ilin əvvəllərində sınaq üçün pilotsuz sualtı qayığın tam hazır nümunəsini alacaq.

“Poliqon” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti “Orca XLUUV” sualtı pilotsuz qayığın ilk nümunəsinin tikintisi üçün “Boeing” şirkəti ilə növbəti müqavilənin imzalandığını açıqlayıb.

72,5 milyon ABŞ dolları dəyərindəki yeni müqavilə “Orca XLUUV” pilotsuz sualtı qayığın istehsalını və sınaqdan keçirilməsini əhatə edir. Müqavilə şərtlərinə uyğun olaraq işlər 2023-cü ildə başa çatdırılmalıdır. Sınaqlar uğurlu olarsa, ABŞ HDQ istehsalın daha da genişləndirilməsi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, “Orca Extra-Large Unmanned Underwater vehicle” (XLUUV) layihəsi çərçivəsində “Lockheed Martin” və “Boeing” şirkətlərinin layihələri yarışıb. 2019-cu ildə “Echo Voyager” sualtı pilotsuz qayığı ilə “Boeing” şirkəti tenderin qalibi olub. “Orca XLUUV” sualtı pilotsuz qayığı “Boeing” və “Huntington Ingalls Industries” (HII) şirkətlərinin birgə inkişafıdır.

“XLUUV” proqramı çərçivəsində ABŞ hərbi dənizçiləri aylarla su altında uzun müddət qala bilən və qoyulmuş tapşırıqları avtonom şəkildə yerinə yetirən sualtı dronlar almağı planlaşdırır. “Echo Voyager” sualtı pilotsuz qayığı 6500 milə (10500 km-ə) qədər avtonom hərəkətetmə qabiliyyətinə malikdir və məlumatların toplanmasından tutmuş təxribata qədər müxtəlif ehtiyaclara asanlıqla və tez uyğunlaşdırıla bilən modul quruluşa sahibdir.

“Orca XLUUV” özünün prototipi olan “Echo Voyager”dən əhəmiyyətli dərəcədə üstün olacaq. Perspektiv dronun gövdə uzunluğu 26 m olacaq, saatda 8 mil (15 km) maksimal və 3 mil (5,6 km) orta sürətlə üzə biləcək. Faydalı yük modulu təxminən 10 m olacaq və ora 8 tona qədər avadanlıq və ya silah yerləşdirilə biləcək.

Sualtı qayıq hibrid dizel/litium-ion akkumulyator sistemi ilə təchiz ediləcək. Bu sistem su altında olarkən “Orca”nı akkumulyatordan qidalandırır, su səthinə qalxarkən isə dizel generatorları vasitəsi ilə akkumulyator batareyalarını doldurur.

2 24

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS