
ABŞ Hərbi Hava Qüvvələri “Collaborative Combat Aircraft” (CCA) proqramı çərçivəsində pilotsuz döyüş təyyarələrinin real əməliyyat şəraitində sınaqlarını həyata keçirib.
“Poliqon” ABŞ HHQ-yə istinadən xəbər verir ki, Nevada ştatındakı Kreç aviabazasında keçirilən “Agile Combat Employment” təlimi zamanı Birgə Döyüş Təyyarələri Eksperimental Əməliyyatlar Bölməsi pilotsuz platformaların imkanlarını qiymətləndirib.
Bildirilib ki, bir neçə gün davam edən təlimdə CCA platformalarının etibarlılığı, uzaqmənzilli fəaliyyət qabiliyyəti və pilotlu təyyarələrlə birgə əməliyyat imkanları yoxlanılıb. Platformalar hava məkanında pilotlu aviasiya ilə inteqrasiya olunaraq müxtəlif döyüş ssenarilərini icra edib və gələcək əməliyyat tələblərinin müəyyənləşdirilməsi üçün məlumatlar toplanıb.
Təlimi ABŞ Hərbi Hava Qüvvələrinin Əməliyyat Sınaqları və Qiymətləndirmə Mərkəzinin (AFOTEC) nümayəndələri də müşahidə ediblər. Bu proses CCA proqramı üzrə yeni sürətli əməliyyat sınaqları konsepsiyasının bir hissəsi hesab olunur.
Təlim zamanı müxtəlif ərazilərdə fəaliyyət göstərən operatorlar qabaqcıl avtonom imkanların tətbiqini sınaqdan keçirərək insan-maşın əməkdaşlığının inkişafı istiqamətində mühüm təcrübə əldə ediblər.
Qeyd edək ki, iki ildən az müddətdə konsepsiya mərhələsindən uçuş sınaqlarına keçən CCA proqramı ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz döyüş aviasiyasının inkişafında əsas layihələrdən biri hesab olunur və döyüşə hazır pilotsuz platformaların silahlı qüvvələrə daha sürətlə çatdırılmasını hədəfləyir.







