ABŞ hökuməti NASAMS ZRK-nin Ukraynaya satışını təsdiqləyib

ABŞ hökuməti NASAMS ZRK-nin Ukraynaya satışını təsdiqləyib

ABŞ hökuməti 285 milyon dollar dəyərində NASAMS zenit-raket komplekslərinin (ZRK) Ukraynaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə buraxıcı qurğuların və bir ədəd AN/MPQ-64F1 gözətçi radarının satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi aiddir.

Bundan başqa sifarişə daxildir:

  • FDC (Fire Distribution Center) sistemi;
  • Təhlükəsiz rabitə vasitələri;
  • GPS qəbulediciləri;
  • Generatorlar, alət dəstləri, sınaq avadanlığı və s.

Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Raytheon Missiles and Defense” şirkəti çıxış edəcək.

DSCA-nın məlumatında qeyd olunub ki, Ukraynanın təcili olaraq Rusiyanın raket zərbələrindən və təyyarələrindən müdafiə imkanlarını artırmağa ehtiyacı var. Bu sistemin əldə edilməsi və effektiv şəkildə tətbiqi Ukraynanın öz xalqını müdafiə etmək, eləcə də ölkənin vacib infrastrukturunu qorumaq imkanını artıracaq. Sözügedən satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün Ukraynanın təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.

Orta mənzilli hava hücumundan müdafiə sistemi olan NASAMS Norveçin “Kongsberg” və ABŞ-ın “Raytheon Missiles and Defense” şirkəti tərəfindən birlikdə istehsal edilir. O, son illərdə NATO ölkələri tərəfindən ən çox satınalınan hava hücumundan müdafiə sistemidir.

Poliqon.az

CATEGORIES
TAGS