ABŞ Ordusu yeni anti-dron silahların hazırlanmasını maliyyələşdirəcək

ABŞ Ordusu yeni anti-dron silahların hazırlanmasını maliyyələşdirəcək

“Epirus” şirkəti pilotsuz uçuş aparatları (PUA) əleyhinə mikrodalğalı “Leonidas Pod” silahlarının prototiplərini hazırlamaq üçün ABŞ Ordusu ilə müqavilə imzalayıb.

“Poliqon” “Epirus”a istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin məbləği 66,1 milyon ABŞ dollarıdır.

ABŞ Ordusunun Sürətli imkanlar və kritik texnologiyalar ofisinin (Rapid Capabilities and Critical Technologies Office – RCCTO) müqaviləsinə əsasən, “Epirus” şirkəti 2023-cü ildə PUA əleyhinə sistemlərinin bir neçə prototipini təqdim etməlidir.

“Leonidas” sistemi fərdi hədəfləri və dron sürülərini məhv etməyə imkan verir.

Epirus şirkətinin “Leonidas” sistemi ABŞ hökuməti tərəfindən maliyyələşdirilən sınaqlarda geniş çeşiddə dronlara qarşı effektivliyini nümayiş etdirib.

“Leonidas”, qapalı məkanlarda və ya əhalinin sıx məskunlaşdığı ərazilərdə tək və ya qrup hədəfləri zərərsizləşdirmək gücünə və dəqiqliyinə malik olan elektron əkstəsir sistemidir.

Faktiki olaraq, bu, elektronikanı söndürməyə qadir olan qallium nitridi əsasında elektron komponentlərdən ibarət impulslu elektromaqnit şüalandırıcıdır. O, həm konkret hədəfi yatırmaq, həm də uçuşa qadağan zonası təşkil etmək üçün daimi şüalanma rejimində işləyə bilər.

Belə silahlar mikrodalğalı diapazonda (0,3-300 GHs) ağır elektromaqnit şüalanması sayəsində işləyir. Operator şüalanmanı obyektə yönəldir, onun təsiri altında hədəfin elektron avadanlığı (radioelektron və optik elementlər) sadəcə olaraq yanır.

Şüalandırıcı dost uçuş vasitələrini müəyyən etmək və onlara məhəl qoymamaq üçün proqramlaşdırıla bilər. Tərtibatçılar deyirlər ki, onların şüalanmanı fokuslama sisteminin effektivliyi öz avadanlıqlarının zədələnmə ehtimalını minimuma endirir. Texnologiya insanlar üçün təhlükəsizdir.

Qeyd olunur ki, “Leonidas” sistemi açıq arxitekturaya malikdir və bu, onu müasir idarəetmə və komanda sistemlərinə inteqrasiya etməyə imkan verir.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında “General Dynamics Land Systems” şirkəti “Leonidas” impulslu elektromaqnit silahını “Stryker” zirehli maşınına inteqrasiya etmək üçün Epirus şirkəti ilə müqavilə bağlayıb. Bu müqavilə əsasında yaradılan döyüş maşını “Stryker Leonidas” adlandırılıb və sınaqlar zamanı həm tək, həm də sürü halında uçan PUA-ları məhv edib.

“Leonidas” sisteminin tətbiq mənzili və digər detallar açıqlanmır. PUA-larla yanaşı, “Leonidas” sistemi hədəfləri vurmaq üçün adətən kifayət qədər bahalı olan kinetik döyüş sursatlarından istifadə etmədən kompüterləri, radioları və avtomobillərin bort elektronikasını sıradan çıxara bilər.

ABŞ Ordusu hesab edir ki, enerji silahları ənənəvi silahlardan nisbətən daha ucuz olacaq və onlar döyüş sursatı bitənə qədər deyil, enerji mənbəyi işlədiyi müddətdə atəş açmağa imkan verəcək.

 

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES