Xəbərlər

ABŞ Ordusunun seçimi: HMMWV, yoxsa JLTV

ABŞ Ordusunun hazırkı Humvee maşın parkını uzun müddətə qorumaq istəyi, yeni hərbi JLTV yolsuzluq avtomobillərinin alınmasına mane olur.

“Poliqon” “The Drive”yə istinadən xəbər verir ki, ABŞ Ordusu yeni nəqliyyat vasitələrinin alınmasından ötrü ayrılan maliyyə vəsaitinin yenidən bölüşdürülməsi üçün müraciət edib.

Müraciətdə, ABŞ Ordusunun növbəti maliyyə ili üçün daha çox Humvee kimi tanınan HMMWV yüksək mobillikli çoxməqsədli təkərli avtomobilinin (High Mobility Multipurpose Wheel Vehicle) yenilərinin alınması və silahlanmada mövcud olanlarının təkmilləşdirilməsi üçün 66 milyon ABŞ dolları ayrılmasını istəməsi göstərlib. Bu isə əvvələr planlaşdırılan məbləğdən 36 milyon ABŞ dolları çoxdur. Qeyd etmək lazımdır ki, göstərilən məbləğin 23 milyon ABŞ dolları hissəsini “Oshkosh” şirkətinin JLTV (Joint Light Tactical Vehicles) yüngül taktiki avtomobillərinin alınması proqramından “götürmək” planlaşdırılır.

Xatırladaq ki, ABŞ-ın “AM General” şirkəti tərəfindən keçən əsrin 80-ci illərində yaradılmış Humvee yüsək keçidlikli avtomobilləri silahlanmaya 1983-cü ildə daxil olub. Təkmilləşdirmə rahatlığı və çoxsaylı modifikasiyaları sayəsində dünyada məşhur olan maşının hazırda 19 əsas versiyasından, 4 modifikasiyası istehsalda qalıb. Mövcud planlara əsasən 2050-ci ilə qədər ABŞ Ordusunun silahlanmasında qalacaq.

Ordu, 2021 maliyyə ilində JLTV proqramı üçün 884,4 milyon ABŞ dolları, 2022-ci ildə 574,5 milyon dollar ayrılmasını istəyib və ümumilikdə 2041-ci ilə qədər təxminən 49.000 ədəd JLTV avtomobilinin əldə edilməsi planlaşdırılır.

FB IMG 1626036076193
Şəkildə: JLTV (solda) və HMMWV (sağda)

Əhəd Əzizov

Back to top button