ABŞ “Patriot” raketlərini Sovet ZRK-lərinə inteqrasiya edib

ABŞ “Patriot” raketlərini Sovet ZRK-lərinə inteqrasiya edib

ABŞ-lı mütəxəssislər “FrankenSAM” proqramı çərçivəsində “Patriot” sisteminin zenit raketlərini köhnə Sovet zenit-raket kompleksinə (ZRK) inteqrasiya edə biliblər.

“Poliqon” “New York Times” nəşrinə istinadən xəbər verir ki, yeni “FrankenSAM” (Sovet və Amerika ZRK hibridi) artıq uğurla sınaqdan keçirilib.

“FrankenSAM” ZRK Ukrayna Ordusunda silahlanmada olan yenidən qurulmuş sovet buraxma qurğuları və radiolokasiya stansiyaları ilə birlikdə Qərb istehsalı olan müasir “yer-hava” sinif raketlərdən istifadə edir.

Xatırladaq ki, “FrankenSAM” proqramı 2022-ci ilin sonlarında, Ukrayna rəsmiləri müttəfiqlərindən Ukrayna Silahlı Qüvvələrinin arsenalında boş dayanan təxminən 60 ədəd Sovet dövründən qalma 9K37 “Buk” buraxma qurğusu və radarları üçün raketlərin tapılmasında kömək istəməsi ilə başlayıb. O dövrdə Qərbin 9K37 “Buk” kompleksləri üçün Rusiya istehsalı olan sursat əldə etməsinin çətin olacağını anlayan Ukrayna NATO standartlı zenit raketlərinin istifadəsi üçün buraxma qurğularını yenidən təchiz etməyi təklif etmişdir.

Nəşrin məlumatına görə, Pentaqon rəsmisi 25 oktyabr tarixində bildirib ki, sistemin bu ay Nyu-Mexiodakı White Sands raket poliqonunda həyata keçirilən sınaq uçuşu hədəf aldığı pilotsuz təyyarəni uğurla vurub. Raket həm buraxma qurğusuna, həm də radiolokasiya stansiyasına inteqrasiya edilib. “The New York Times” nəşrinin yazdığı görə radiolokasiya stansiyası Ukrayna istehsalıdır. Amerika nəşrinin həmsöhbətləri “Patriot” raketlərinin inteqrasiya olunduğu konkret ZRK növünün adını çəkməyiblər. Qeyd edək ki, MIM-104 “Patriot” ZRK-də istifadə edilən raketlər qabarit ölçülərinə görə 9K37 “Buk” ZRK raketləri ilə müqayisə edilə bilər və S-300 ZRK-nin istifadə etdiyi raketlərdən bir qədər kiçikdir.

Bu ZRK-nin ABŞ və müttəfiqlərindən olan zenit-raket ehtiyatı ilə birlikdə artıq bu qış Ukraynaya göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Ukrayna RİM-7 raketlərinin 9K37 “Buk” ZRK ilə inteqrasiyasında uğur əldə etmiş və AIM-9X raketləri ilə atəş aça bilən yeni ZRK yaratmışdılar. Ukraynanın xalq deputatı Oleksandra Ustinovanın məlumatına görə, ABŞ raketləri ilə atəş açmağa qadir olan bir neçə modifikasiya edilmiş 9K37 “Buk” ZRK buraxma qurğusu artıq Ukraynadadır.

Ümumilikdə, Ukrayna Silahlı Qüvvələri 17 buraxma qurğusunu modernləşdirməyi planlaşdırır, lakin ABŞ sənayesisi ayda cəmi 5 buraxma qurğusunu hazır edə bilir.

Bildirilir ki, Ukrayna və ABŞ-ın “FrankenSAM” proqramı çərçivəsində səyləri 2022/2023-cü ilin qışında sovet istehsalı raket ehtiyatlarının itkisini kompensasiya etmək və Ukraynanın enerji infrastrukturunu qorumaq məqsədi daşıyır.

Əhəd Vahidoğlu

CATEGORIES