ABŞ Slovakiyada M-SHORAD HHM sistemini sınaqdan keçirib

ABŞ Slovakiyada M-SHORAD HHM sistemini sınaqdan keçirib

ABŞ Ordusu yeni M-SHORAD (Maneuver-Short Range Air Defense) hava hücumundan müdafiə (HHM) sistemindən istifadə edərək ilk dəfə Slovakiyada aktiv müdafiə təlimləri keçirib.

“Poliqon” “Stars and Stripes”ə istinadən xəbər verir ki, birlik və onun Polşa və Rumıniyada yerləşdirilən iki yaxın taqımı yeni M-SHORAD sistemindən ilk dəfə olaraq aktiv müdafiə tapşırıqlarında istifadə edir.

Sistem Rusiya və Çin kimi rəqiblərlə bağlı artan narahatlıqlar, Ukrayna və Yaxın Şərqdə müşahidə olunan taktiki tendensiyalar fonunda xidmətin qısa mənzilli HHM imkanlarını yeniləmək səylərinin mərkəzində dayanır.

Sistem Slovakiyanın texnoloji problemlər və sərt hava şəraiti ilə üzləşən dağlarında sınaqdan keçirilir. Bəzi problemlərə baxmayaraq, ABŞ hərbiçiləri sistemin səmərəli işlədiyinə inanır. Bu problemlər isə komponentlərin müxtəlif təchizatçılardan tədarük edilməsi və sistemin sürətli inkişafı səbəbindən yaranıb.

Qeyd edək ki, M-SHORAD HHM sistemi “Stryker” təkərli zirehli maşınına quraşdırılmış qüllədən ibarətdir. Modul “Avenger” HHM sistemində istifadə edilənə bənzər dörd atımlı FIM-92 “Stinger” zenit-raket buraxma qurğusu ilə təchiz edilib. Bundan başqa, raket silahlanması iki AGM-114L “Longbow Hellfire” raketi şəklində də təqdim olunur.

Raket yer hədəflərini vura bilir və əsasən döyüş helikopterləri və zərbə PUA-ları üçün silah kimi istifadə olunur. Bununla belə, raket hava hədəflərinə, xüsusən də aşağı sürətli PUA-ları məhv etmək üçün “yer-hava” sinif silah kimi istifadə olunmaq qabiliyyətinə malikdir.

Qüllə həmçinin 30 mm-lik M230 avtomatik topu və 7,62 mm-lik M240 pulemyotu ilə təchiz olunub ki, bu da hava hədəflərinə qarşı və ya digər təhlükələrə qarşı, həmçinin özünümüdafiə üçün istifadə oluna bilər.

Hava hədəflərini aşkar etmək üçün “RADA Electronic Industries Ltd.” şirkəti tərəfindən istehsal olunan radiolokasiya stansiyalarından istifadə olunur.

Xatırladaq ki, 2023-cü ildə ABŞ Ordusu ən yeni 50 kilovatlıq DE M-SHORAD (Directed Energy Maneuver-Short Range Air Defense) HHM lazer sistemlərinin ilk dörd prototipini də alıb.

Əhəd Vahidoğlu

CATEGORIES