ABŞ Ukraynaya 2.2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya 2.2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 2.2 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, hərbi yardımın 425 milyon dollar dəyərindəki hissəsi ABŞ Prezidentliyi, 1.7 milyard dollar həcmindəki hissəsi isə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən təmin ediləcək.

Rusiyanın 24 fevral 2022-ci il tarixli işğalının başlanğıcından inidyə kimi ABŞ tərəfindən Ukraynaya 29.3 milyard dollardan çox hərbi yardım ayırılıb. Ümumilikdə isə 2014-cü ildən indiyə qədər ABŞ Ukrayna Silahlı Qüvvələrinə 32 milyard dollar dəyərində hərbi yardım göstərib.

ABŞ Prezidentliyi tərəfindən Ukraynaya ediləcək hərbi yardım paketinə daxildir:

  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə sursat;
  • 155 mm-lik artilleriya və 120 mm-lik minataatanlar üçün əlavə mərmilər;
  • Pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün termal nişangahlar və 190 ədəd ağır pulemyot;
  • 181 ədəd minaya qarşı qorumalı (MRAP) zirehli maşın;
  • 250 ədəd “Javelin” tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi;
  • 2000 ədəd zireh əleyhinə raket;
  • “Claymore” piyada əleyhinə mina;
  • Əlavə hərbi təchizat, dəbilqə və sahə avadanlıqları.

USAI tərəfindən göstəriləcək hərbi yardım paketinə daxildir:

  • Zenit silah sistemləri və onlar üçün döyüş sursatı;
  • Qərb istehsalı HHM sistemlərini, raketləri və radarları Ukraynanın hava hücumundan müdafiə sistemlərinə inteqrasiya etmək üçün lazımi avadanlıq;
  • HHM sistemləri üçün generatorlar;
  • Pilotsuz uçuş vasitələri;
  • 4 ədəd hava müşahidə radarı;
  • PUMA PUA-ları;
  • İdarə edilə bilən raketlər;
  • Təhlükəsiz rabitə vasitələri;
  • Tibbi ləvazimatlar;
  • Təlim, texniki xidmət və s.

Poliqon.az

CATEGORIES
TAGS