ABŞ xüsusi təyinatlıları yeni pulemyot əldə edəcək

ABŞ Xüsusi Əməliyyat Qüvvələri “SOF Warrior” proqramı çərçivəsində yeni pulemyotlar və yüngülləşdirilmiş patronlar alacaq.
“Poliqon” “Military Times” portalına istinadən xəbər verir ki, bununla ABŞ xüsusi təyinatlıları daha uzaq, dəqiq və ölümcül atəş etmək imkanı qazanacaq.
“SOF Warrior” proqramının əsasını, ABŞ xüsusi təyinatlıları üçün yeni bir .338 Norma Magnum çaplı LMG-M pulemyotunun hazırlanması təşkil edir. Bu çapdan artıq Xüsusi Əməliyyat Qüvvələrinin və ABŞ Ordusunun snayper tüfənglərində istifadə olunur.
“SOF Warrior” proqramının rəhbəri polkovnik Coel Bebbittin sözlərinə görə, LMG-M pulemyotları atıcılara 7,62×51 mm-lik M240 pulemyotu ölçüsündə 12,7×99 mm-lik M2 pulemyotunun qabiliyyətlərini təmin edəcək. LMG-M silahının kütləsi təxminən 9 kq olacaq və istifadəçiyə “yalnız düşmən piyadalarını deyil, həm də hərəkət etdikləri zirehli transportyorları da parçalamaq” imkanı verəcək.
LMG-M pulemyotlarının alınmasına 2023-cü ildə başlanılması planlaşdırılır. Onlar silahlanmada yalnız M240 pulemyotlarını deyil, bəzi hallarda böyük çaplı M2 pulemyotlarını da əvəz edə biləcəklər.
“SOF Warrior” proqramında eyni dərəcədə əhəmiyyətli digər mərhələ isə polimer döyüş sursatlarına keçid olacaq. ABŞ Silahlı Qüvvələri, döyüş sursatını orta hesabla 30% yüngülləşdirəcək bir plastik gilizli sursata mərhələli keçid planlaşdırır. Bu problem, yüngül texnikalardakı eyni M2 pulemyotları üçün xüsusilə kəskin olaraq qalmaqdadır.

Əhəd Əzizov




